Robert Levandovski rəsmən “Barselona”da!

Futbol üzrə Polşa milli komandasının hücumçusu Robert Levandovski Almaniyanın “Bayern” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu bundan sonra karyerasını İspaniyanın “Barselona” komandasında davam etdirəcək.

Bu barədə həm Kataloniya, həm də Münhen təmsilçisi rəsmi saytları vasitəsilə məlumat yayıblar. Artıq Kataloniyada olan təcrübəli hücumçu, tibbi müayinələrdən uğurla keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq. Transferlə bağlı detallara da ondan sonra aydınlıq gələcək.

Robert Levandovski 2014-cü ilin yanvarından “Bayern”də çıxış edir. Polşalı hücumçu bu komandanın heyətində meydana çıxdığı 375 matçda 344 qola imza atıb. O, daha öncə “Borussiya” (Dortmund), “Lex”, “Zniç”, “Delta” və “Legiya-2” komandalarında da forma geyinib. Polşa yığmasında 132 oyun keçirmiş futbolçu, 76 qol vurub.

Levandovskini “Barselona”ya satan “Bayern” digər futbolçusu Serj Qnabri ilə də yeni müqavilə bağlayıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, 27 yaşlı yarımmüdafiəçi yeni sözləşməyə əsasən, 2026-cı ilin yayına qədər bu komandada qalacaq. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2023-cü ilin yayında bitəcəkdi.

Serj Qnabri 2017-ci ildən “Bayern”də forma geyinir. O, Münhen təmsilçisinin heyətində meydana çıxdığı 171 oyunda 63 qol vurub. Almaniyalı vinger geridə qalan mövsümdə 34 oyuna çıxıb, 14 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub. Daha öncə “Arsenal”, “Vest Bromviç” və “Verder”də oynamış Qnabri, 2017/18 mövsümündə də “Hoffenhaym”da icarədə olub. Futbolçu Almaniya yığmasında keçirdiyi 34 oyunda 20 qolla yadda qalıb.

“Bayern” gənc futbolçusu Malik Tillmanı da Şotlandiyanın “Reyncers” klubuna icarəyə verib. 20 yaşlı oyunçunun qarşıdakı mövsümün sonuna kimi bu komandada çıxış edəcəyi bildirilir. 2015-ci ildən “Bayern”də olan hücumameylli yarımmüdafiəçi, bu klubun əsas komandasında 7 oyun keçirib, 1 qol vurub. Vaxtilə Almaniya və ABŞ-ın aşağı yaş qrupları üzrə yığmalarında oynamış Tillman, yekunda amerikalıları seçib. O, bu ölkənin əsas millisində 2 oyun keçirib.