Robert Levandovski Tyerri Anrinin nailiyyətini geridə qoydu

La Liqanın 25-ci turunda “Selta”ya qarşı səfər oyunu (1:2) “Barselona”nın mərkəz hücumçusu Robert Levandovski üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, polşalı forvard bu oyunda dubla imza atmaqla, “blauqrana”nın qələbəsinə töhfəsini verib.

Beləliklə, bu iki qol sayəsində Levandovski “Barselona”nın heyətində vurduğu qolların sayını 50-yə çatdırıb. Bununla da o, fransalı mərkəz hücumçu Tyerri Anrinin nəticəsini (49 qol) üstələyib.

Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyulunda 45 milyon avro müqabilində “Bayern”dən keçib. Tərəflər arasında müqavilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə polyak hücumçu “Barselona”nın heyətində bütün yarışlarda 33 oyunda 17 qol vurub və 6 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli futbolçunun Kataloniya təmsilçisindəki ümumi karyerası 79 oyun, 50 qol və 14 məhsuldar ötürmədən ibarətdir.

Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında çıxış edib.

Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 146 oyun keçirib, 82 qol vurub, 31 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 35 yaşlı hücumçunun transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.