Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki bir illik fasilədən sonra yenidən komanda çalışdıracaq.
Arena.az xəbər verir ki, 54 yaşlı mütəxəssis Xorvatiyanın “Rudeş” komandasının baş məşqçisi təyin olunub.
Bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb. Amma tərəflər arasındakı müqavilənin müddəti açıqlanmayıb.
Prosineçki təyinatı ilə bağlı bunları söyləyib: “Xorvatiya futbolunda çalışmayacağımı desəm də, bu təklifi qəbul etdim. Mənə elə gəlir ki, çox pozitiv layihədir. Mən də çağırışları sevirəm. İnanıram ki, birgə gözəl və yaxşı futbol sərgiləyəcəyik. Bunun üçün çox danışmalı yox, ilk gündən var gücümüzlə çalışmalıyıq. Klubda çalışan hər kəsin, azarkeşlərin əhvalını yaxşılaşdırmaq üçün mümkün olan hər şeyi edəcəyik”.
Klubdan verilən məlumatda o da qeyd olunub ki, “Rudeş” yeni mövsümün hazırlığına iyunun 15-də başlayacaq.
Xatırladaq ki, “Rudeş” ötən mövsümü Xorvatiyanın 2-ci liqasında keçirib. Komanda mövsümün yekununa əsasən çempion olub və elitaya yüksəlib. Lakin klub rəhbərliyi yüksək liqada daha güclü məşqçiyə ehtiyac olduğunu düşünərək Prosineçkini sükanı arxasına gətirməyə qərar verib.
Robert Prosineçki ötən ilin yayından işsiz idi. Onun sonuncu iş yeri Sloveniyanın “Olimpiya” (Lyublyana) komandası olub. O, Serbiyann “Srvena Zvezda”, Türkiyənin “Kayserispor” və “Dənizlispor” klublarında da baş məşqçi kimi çalışıb. Təcrübəli mütəxəssis Azərbaycan, həmçinin Bosniya və Herseqovina yığmalarını da çalışdırıb. Millimiz 2014-2017-ci illər aralığında bu məşqçinin rəhbərliyi altında 23 matça çıxıb. Bu görüşlərdə 6 qələbə qazanmış Azərbaycan yığması, 6 heç-heçə edib, 11 görüşdə isə məğlubiyyətə üzülüb.