Geridə qalan mövsüm bitən kimi “Liverpul”la vidalaşan braziliyalı hücumçu Roberto Firmino “Əl-Əhli” klubu ilə müqavilə bağlayıb.
Arena.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
31 yaşlı futbolçu yeni klubu ilə 3 illik (2026-cı ilin 30 iyununa qədər) müqaviləyə imza atıb.
Xatırladaq ki, Roberto Firmino 2015-ci ildən “Liverpul”un uğurları üçün çalışırdı. İngiltərə klubu həmin vaxt onu Almaniyanın “Hoffenhaym” klubundan 41 milyon avro qarşılığında heyətinə qatmışdı. Braziliyalı forvard “qırmızılar”ın heyətində meydana çıxdığı 362 oyunda 111 qol vurub, 79 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Hoffenhaym” (153 oyun, 49 qol və 36 assist) və “Fiqeyrense”nin (38 oyun, 8 qol) də uğurları üçün çalışıb.
Firmino Braziliya yığmasında da 55 oyun keçirib, 17 qol vurub.