Roberto Martines: “Portuqaliyanın gücü paltardəyişmə otağındadır”

Portuqaliya yığmasının baş məşqçisi Roberto Martines komandasının AÇ-2024-də Türkiyə və Çexiya ilə eyni qrupa düşməsi haqda danışıb.

Arena.az məlumat verir ki, bu “F” qrupunun sonuncu iştirakçısı təsnifat mərhələsinin ələmə oyunlarından sonra müəyyənləşəcək.

“Püşkatmanın nəticələrindən razıyam. “F” qrupunda olduğumuz üçün ilk oyuna hazırlaşmaq üçün daha çox vaxtımız olacaq və bu, çox vacibdir.

Bizim gücümüz paltardəyişmə otağındadır. Biz rəqibimizdən asılı deyilik. Avropa çempionatında 24 çox güclü komanda iştirak edir, amma biz inanırıq ki, 2016-cı ilin nailiyyətini təkrarlaya və yenidən turnirin qalibi ola bilərik. Komandamızın bir istəyi var – oyundan-oyuna yüksəlmək və qələbələr qazanmaq. Baxaq, görək işlər necə gedir”, “A Bola” nəşri ispan mütəxəssisdən sitat gətirir.

Xatırladaq ki, AÇ-2024-ün final mərhələsi 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. İtaliya yarışın cari çempionudur.