Robin van Persi “Herenven”in baş məşqçisi təyin edildi

Əfsanəvi niderlandlı hücumçu Robin van Persi Eredivizi təmsilçisi “Herenven”in baş məşqçisi vəzifəsinə təyin edilib.

Arena.az bu barədə “Herenven”in mətbuat xidmətinə istinadən məlumat verir.

Bu, məşhur sabiq futbolçunun baş məşqçi vəzifəsinə ilk təyinatıdır.

40 yaşlı mütəxəssis “Herenven” klubu ilə 2 illik müddətə müqavilə imzalayıb. Van Persi əvvəllər “Feyenoord”un məşqçilər qərargahında çalışıb və mətbuatda yayılan məlumatlara görə, “Herenven”in baş məşqçisi işləmək üçün Rotterdam təmsilçisinin gənclər komandasını çalışdırmaqdan imtina edib.

“Herenven” van Persinin təyinatı ilə bağlı mövqeyini açıqlayıb: “Robin baş məşqçi kimi karyerasının başlanğıcında olsa da, bizi dərhal inandırdı. O, iddialı, həvəsli və öyrənməyə can atan məşqçidir. Düşünürəm ki, o, komandanı necə irəli aparmağı, onu necə ruhlandırmağı çox gözəl bilir. O, həm komanda məşqlərində, həm də fərdi olaraq oyunçuların fərdi inkişafı üçün aydın baxışlara malikdir”, deyə “Herenven”in baş direktoru Ferri de Haan bildirib.

Həmçinin Van Persi öz təyinatı ilə bağlı fikirlərini paylaşıb: “Məşqçilik peşəsi geniş və mürəkkəbdir və mən onu böyük həvəs və həzzlə davam etdirirəm. İnkişafımı davam etdirmək istərdim və baş məşqçi rolu bu məqsədə tam uyğun gəlir. Buna görə də “Herenven”in təklif etdiyi fürsətdən məmnunam. Bu, zəngin ənənələri və sadiq azarkeşləri olan çox yaxşı yüksək liqa klubudur. Baş məşqçi kimi mən idman iddialarına və klubun inkişafına töhfə verməli olacağam”, – “Herenven”in rəsmi saytı Robin van Persidən sitat gətirir.

Xatırladaq ki, futbolçu karyerası ərzində Robin van Persi “Feyenoord”, “Arsenal” və “Mançester Yunayted”də çıxışları ilə tanınıb. Van Persi 2 dəfə “Qızıl Buts”un qalibi olub. Van Persi həmçinin Niderland yığmasının tarixən ən sərrast futbolçusudur – 50 qol (102 oyun).

“Herenven” Niderland Erediviziyasının cari mövsümündə 33 oyundan 37 xalla 10-cu pillədə qərarlaşıb.