Futbol üzrə Panama milli komandasının mərkəz müdafiəçisi Roderik Miller “Turan Tovuz”la yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı müdafiəçi yeni müqaviləyə əsasən 2026-cı ilin 30 iyununa kimi “Turan Tovuz”un uğurları üçün çalışmağa davam edəcək. Onun əvvəlki sözləşməsi 2025-ci ilin yayına kimi idi.
Xatırladaq ki, Roderik Miller “Turan Tovuz”a 2023-cü ilin mart ayında transfer olunub. O, indiyə qədər Tovuz təmsilçisinin heyətində 35 oyuna çıxıb, 6 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.
Miller peşəkar karyerasına Panamanın “San Fransisko” komandasında başlayıb. Müdafiəçi Meksikanın “Venados”, Kolumbiyanın “Atletiko Nasional”, Portuqaliyanın “Feyrense”, Qazaxıstanın “Okjetpes”, Perunun “Karlos Steyn”, İraqın “Əl-Quva” və “Əl-Mina” klublarında legioner həyatı yaşayıb.
Roderik Panama millisində 45 oyun keçirib, 2 qola imza atıb, 1 assist müəllifi olub. O, Panamanın U-20 və U-23 yığmalarında da oynayıb.
“Turan Tovuz” heyətinə yeni oyunçu da cəlb edib. Tovuz klubu gənc müdafiəçi İbrahim Ramazanovla 2 illik müqavilə bağlayıb. 19 yaşlı futbolçunun son klubu “Qəbələ” olub. İbrahim eyni zamanda 21 yaşlılardan ibrarət Azərbaycan milli komandasının üzvüdür.
“Turan Tovuz” daha öncə Tural Bayramlı (“Araz-Naxçıvan”), İvan Konovalov (“Baltika”, Rusiya), Sergey Samok (“KamAZ”, Rusiya), Kristian da Silva (“Sabah”), Veysəl Rzayev (“Sabah”), Araş Qadiri (“Zobahan”, İran) və Rüfət Əhmədovu (“Qəbələ”) da heyətinə qatmışdı. Ötən mövsümü “Şamaxı”da icarədə keçirmiş Elçin Qasımov da komandaya qayıdıb.
Şəhriyar Əliyev, Aleks Souza, Alexandro Serrano, Emmanuel Hakman, Ayxan Hüseynov, Sadiq Quliyev, Oto Con, Faiq Hacıyev, Denis Marandiç, Eltun Turabov və Xəyal Nəcəfovla da yeni müqavilə imzalanıb.
Tərlan Əhmədli, Fərid Nəbiyev, Aydın Bayramov, Belaydi Pusi və Kamal Bayramov isə Tovuz təmsilçisindən ayrılıblar.