Rodri: “Futbol mənim üçün demək olar ki, narkotik kimi idi”

“Mançester Siti”nin ispan dayaq yarımmüdafiəçisi Rodri uşaqlığından xatırladığı bir hekayəni ictimaiyyətlə paylaşıb.

Arena.az “The Players’ Tribune” dərgisinə istinadən, ispan futbolçunun müvafiq xatirəsini təqdim edir:

“Futbol mənim üçün az qala narkotik kimi idi. Ona görə də çox kiçik ikən valideynlərimlə müqavilə bağlamışdım. Bu barədə nə vaxtsa danışıb-danışmadığımızı bilmirəm. Futbol arzumu həyata keçirmək istəyirdimsə, universitetə daxil olmalı idim. Beləliklə, 17 yaşım olanda Madriddən Vilyarreala köçdüm və eyni zamanda “I Jaume Universiteti”nə daxil oldum”, deyə yarımmüdafiəçi xatırlayıb.

Rodri Madrid “Atletiko”sunun yetirməsidir, ispan “dayaqçı” 2007-2013-cü illərdə “döşəkçilər”in klub sistemində olub. Daha sonra Rodri “Vilyarreal”a keçib. Ancaq 2018-ci ildə yarımmüdafiəçi 2019-cu ilə qədər oynadığı “Atletiko”ya qayıdıb.

Rodri hazırda çıxış etdiyi “Mançester Siti”yə 2019-cu ilin iyulunda 70 milyon avro müqabilində elə, “Atletiko”dan keçib. Rodrinin “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Artıq geridə qalmış 2023/2024-cü illər mövsümündə Rodri “şəhərlirlər”in heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 9 qol vurub, 14 məhsuldar ötürmə verib.

Cari mövsümdə isə Rodrinin “şəhərlilər” üçün siftəsi hələ baş tutmayıb.

Rodri “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2020/2021, 2021/2022, 2022/2023, 2023/2024), İngiltərə Kubokunun (2023), İngiltərə Liqa Kubokunun (2020, 2021), İngiltərə Super Kubokunun (2020), Çempionlar Liqasının (2022/2023), UEFA Super Kubokunun (2023/2024), FIFA Klub Dünya Kubokunun (2024) qalibi olub. Rodri həmçinin Çempionlar Liqasında 2022/2023-cü illər mövsümünün oyunçusu seçilib.

Rodriqo Ernandes 2018-ci ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 56 oyun keçirib, 4 qol vurub, 2 məhsuldar ötürmə verib. Rodri İspaniya yığması ilə 2023-cü il UEFA Millətlər Liqasının və 2024-cü il Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir. Bu isə Rodrinin futbol tarixində ən bahalı ispan futbolçu olması deməkdir.