Rodri: “Hiss edirəm ki, insanlar işimi qəbul edir”

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri “Qızıl top”a namizəd olduğunu öyrəndikdən sonra keçirdiyi duyğuları dilə gətirib.

Arena.az ispan futbolçunun bu barədə sözlərini təqdim edir:

“İndi həqiqətən hiss edirəm ki, insanlar işimi qəbul edir və məni “Qızıl top”u qazanmağa sövq etməyə çalışırlar. İndi düşündüyüm bu deyil, amma bu, bir xəyal olardı, əlbəttə. Bu nöqtəyə gələcəyimi heç düşünməzdim”..

“Mançester Siti”nin ispan legioneri İngiltərə nəhəngi ilə müqaviləsinin müddətini başa vurduqdan sonrakı planlarından da danışıb:

“Mançester Siti”də daha üç ilim var. Müqaviləni imzalayanda başqa komandalar haqqında düşünməyəcəyəm. Bundan artıq isə deyiləcək bir sözüm yoxdur”.

Rodriqo Ernandes Madrid “Atletiko”sunun yetirməsidir, ispan “dayaqçı” 2007-2013-cü illərdə “döşəkçilər”in klub sistemində olub. Daha sonra Rodri “Vilyarreal”a keçib. Ancaq 2018-ci ildə yarımmüdafiəçi 2019-cu ilə qədər oynadığı “Atletiko”ya qayıdıb.

Rodri hazırda çıxış etdiyi “Mançester Siti”yə 2019-cu ilin iyulunda 70 milyon avro məbləğ müqabilində elə, “Atletiko”dan keçib. Rodrinin “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rodri “şəhərlilər” üçün 1 oyun keçirib, məhsudalr fəaliyyəti ilə diqqət çəkməyib. Təcrübəli yarımmüdafiəçi “şəhərlilər”in heyətində bütövlükdə 259 oyuna çıxıb, 26 qol və 30 məhsuldar ötürmə müəllifi olub.

Rodri “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2020/2021, 2021/2022, 2022/2023, 2023/2024), İngiltərə Kubokunun (2023), İngiltərə Liqa Kubokunun (2020, 2021), İngiltərə Super Kubokunun (2020), Çempionlar Liqasının (2022/2023), UEFA Super Kubokunun (2023/2024), FIFA Klub Dünya Kubokunun (2024) qalibi olub. Rodri həmçinin Çempionlar Liqasında 2022/2023-cü illər mövsümünün oyunçusu seçilib.

Rodriqo Ernandes 2018-ci ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 57 oyun keçirib, 4 qol vurub, 2 məhsuldar ötürmə verib. Rodri İspaniya yığması ilə 2023-cü il UEFA Millətlər Liqasının və 2024-cü il Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir. Bu isə Rodrinin futbol tarixində ən bahalı ispan futbolçu olması deməkdir.