Rodri Premyer Liqada möhtəşəm rekord müəyyənləşdirdi

Premyer Liqanın 27-ci turunda “Mançester Yunayted”lə ev oyunu (3:1) “şəhərlilər”in dayaq yarımmüdafiəçisi Rodri üçün əlamətdar olub.

Arena.az “Foot Mercato” dərgisinə istinadən məlumat verir ki, Rodriqo Ernandes İngiltərə Premyer Liqası tarixində oyunçular arasında ən uzun məğlubiyyətsiz oyunlar silsiləsinin rekordunu müəyyənləşdirib.

İspan futbolçu bütün oyunu meydanda keçirib və 2 məhsuldar ötürmə ilə Mançester derbisində əzəli rəqib üzərində qələbədə böyük pay sahibi olub. Beləliklə, onun üçün bu oyun “şəhərlilər”in heyətində bütün yarışlarda ardıcıl 59-cu məğlubiyyətsiz oyun kimi əlamətdar olub.

Rodri Madrid “Atletiko”sunun yetirməsidir. İspan “dayaqçı” “Siti”yə 2019-cu ilin iyulunda 70 milyon avro müqabilində elə, “Atletiko”dan keçib. Rodrinin “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rodri “şəhərlirlər”in heyətində bütün yarışlarda 34 oyuna çıxıb, 7 qol vurub, 9 məhsuldar ötürmə verib.

Rodri “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2020/2021, 2021/2022, 2022/2023), İngiltərə Kubokunun (2023), İngiltərə Liqa Kubokunun (2020, 2021), İngiltərə Super Kubokunun (2020), Çempionlar Liqasının (2022/2023), UEFA Super Kubokunun (2023/2024), FIFA Klub Dünya Kubokunun (2024) qalibi olub. Rodri həmçinin 2022/2023 mövsümü Çempionlar Liqasında mövsümün oyunçusu seçilib.

Rodriqo Ernandes 2018-ci ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 48 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə verib. Rodri İspaniya yığması ilə 2023 UEFA Millətlər Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı ispan dayaq yarımmüdafiəçisi Rodrinin transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir. Bu isə Rodrinin futbol tarixində ən bahalı ispan futbolçu olması deməkdir.