Rodri: “Qızıl top” mənim həyatımı dəyişdi”

“Mançester Siti”nin ispan dayaq yarımmüdafiəçisi Rodri 2024-cü ilin ən yaxşı oyunçusu kimi aldığı “Qızıl top” mükafatı haqda söhbət açıb.

Arena.az AS dərgisinə istinadən məlumat verir ki, Rodri ən nüfuzlu fərdi futbol mükafatının onun həyatını dəyişdiyini etiraf edib:

“Bəli, bu, mənim həyatımı dəyişib. Sevdiklərimə danışmışam ki, qələbə anında hələ heç nə başa düşməmişdim, amma bəli, həyatım dəyişib. Əvvəllər etdiklərimin çoxunu indi edə bilmirəm. Amma əvvəl-axır, bunun üçün əsaslı səbəb var”, deyə Rodri vurğulayıb.

Rodriqo Ernandes Madrid “Atletiko”sunun yetirməsidir, ispan “dayaqçı” 2007-2013-cü illərdə “döşəkçilər”in klub sistemində olub. Daha sonra Rodri “Vilyarreal”a keçib. Ancaq 2018-ci ildə yarımmüdafiəçi 2019-cu ilə qədər oynadığı “Atletiko”ya qayıdıb.

Rodri hazırda çıxış etdiyi “Mançester Siti”yə 2019-cu ilin iyulunda 70 milyon avro məbləğ müqabilində elə, “Atletiko”dan keçib. Rodrinin “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rodri “şəhərlilər” üçün 3 oyun keçirib, məhsudalr fəaliyyəti ilə diqqət çəkməyib. Təcrübəli yarımmüdafiəçi “şəhərlilər”in heyətində bütövlükdə 260 oyuna çıxıb, 26 qol və 30 məhsuldar ötürmə müəllifi olub.

Rodri “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2020/2021, 2021/2022, 2022/2023, 2023/2024), İngiltərə Kubokunun (2023), İngiltərə Liqa Kubokunun (2020, 2021), İngiltərə Super Kubokunun (2020), Çempionlar Liqasının (2022/2023), UEFA Super Kubokunun (2023/2024), FIFA Klub Dünya Kubokunun (2024) qalibi olub. Rodri həmçinin Çempionlar Liqasında 2022/2023-cü illər mövsümünün oyunçusu seçilib.

Rodriqo Ernandes 2018-ci ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 57 oyun keçirib, 4 qol vurub, 2 məhsuldar ötürmə verib. Rodri İspaniya yığması ilə 2023-cü il UEFA Millətlər Liqasının və 2024-cü il Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.

Əlavə edək ki, Rodriqo hazırda zədəlidir və bərpa mərhələsindən keçir.