“Mançester Siti”nin ispan dayaq yarımmüdafiəçisi Rodri “Qızıl top” mükafatı uğrunda mübarizəsi haqda söhbət açıb.
Arena.az “City Xtra” dərgisinə istinadən məlumat verir ki, Rodri ilin ən yaxşı futbolçusuna təqdim edilən nüfuzlu fərdi mükafat uğrunda mübarizədə “Real”ın braziliyalı ulduzu, cinah hücumçusu Vinisius Juniorla rəqabət barədə sualı cavablayıb:
“İnsanlar “Qızıl top” uğrunda Vinisiusla rəqabət aparacağımı deyirlər, amma o, heyran olduğum insandır. O, fantastik oyunçudur. Bu yürüşdə iştirak etməkdən çox qürur duyuram. Onun nəticəsi insanların futbolda nəyə dəyər verməsindən asılı olacaq. Bir çox oyunçu qalib gəlməyə layiqdir”, deyə ispan yarımmüdafiəçi vurğulayıb.
Rodriqo Ernandes Madrid “Atletiko”sunun yetirməsidir, ispan “dayaqçı” 2007-2013-cü illərdə “döşəkçilər”in klub sistemində olub. Daha sonra o, “Vilyarreal”a keçib. Ancaq 2018-ci ildə yarımmüdafiəçi 2019-cu ilə qədər oynadığı “Atletiko”ya qayıdıb.
Rodri hazırda çıxış etdiyi “Mançester Siti”yə 2019-cu ilin iyulunda 70 milyon avro məbləğ müqabilində elə, “Atletiko”dan keçib. Rodrinin “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Artıq geridə qalmış 2023/2024-cü illər mövsümündə Rodri “şəhərlirlər”in heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 9 qol vurub, 14 məhsuldar ötürmə verib.
Cari mövsümdə isə Rodrinin “şəhərlilər” üçün siftəsi hələ baş tutmayıb.
Rodri “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2020/2021, 2021/2022, 2022/2023, 2023/2024), İngiltərə Kubokunun (2023), İngiltərə Liqa Kubokunun (2020, 2021), İngiltərə Super Kubokunun (2020), Çempionlar Liqasının (2022/2023), UEFA Super Kubokunun (2023/2024), FIFA Klub Dünya Kubokunun (2024) qalibi olub. Rodri həmçinin Çempionlar Liqasında 2022/2023-cü illər mövsümünün oyunçusu seçilib.
Rodriqo Ernandes 2018-ci ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 57 oyun keçirib, 4 qol vurub, 2 məhsuldar ötürmə verib. Rodri İspaniya yığması ilə 2023-cü il UEFA Millətlər Liqasının və 2024-cü il Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir. Bu isə Rodrinin futbol tarixində ən bahalı ispan futbolçu olması deməkdir.