Rodri: “Qızıl top”u qazansam, ölkəm üçün də qürurverici olar”

“Mançester Siti”nin ispan dayaq yarımmüdafiəçisi Rodri “Qızıl top” uğrunda mübarizədə qalib olmaq ehtimalından danışıb.

Arena.az ispan futbolçunun bu barədə fikrini təqdim edir:

“Qızıl top”u qazanmaq arzumdurmu? Bəli, əlbəttə, bu, mənim üçün gerçəkləşəcək bir arzu olardı. Çox adam deyir: “Əgər Rodri “Qızıl top”u qazansa, məsələn, İnyesta və ya Xavi necə oldu ki, onsuz qaldılar? Mən bununla qismən razıyam. Bunlar bir dövrü ehtiva edən və tarixin ən yaxşıları arasında sayılan oyunçular idilər, amma Messi və Ronaldo nəslinin bir hissəsi olduqları da bir həqiqətdir.
Amma “Qızıl top”u qazansam, mənim və ölkəm üçün qürurverici olardı. “Qızıl top”u qazana bilmiş İspaniya təmsilçisinin olması hər kəsi sevindirər”, deyə yarımmüdafiəçi vurğulayıb.

Rodriqo Ernandes Madrid “Atletiko”sunun yetirməsidir, ispan “dayaqçı” 2007-2013-cü illərdə “döşəkçilər”in klub sistemində olub. Daha sonra o, “Vilyarreal”a keçib. Ancaq 2018-ci ildə yarımmüdafiəçi 2019-cu ilə qədər oynadığı “Atletiko”ya qayıdıb.

Rodri hazırda çıxış etdiyi “Mançester Siti”yə 2019-cu ilin iyulunda 70 milyon avro məbləğ müqabilində elə, “Atletiko”dan keçib. Rodrinin “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Artıq geridə qalmış 2023/2024-cü illər mövsümündə Rodri “şəhərlirlər”in heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 9 qol vurub, 14 məhsuldar ötürmə verib.

Cari mövsümdə isə Rodrinin “şəhərlilər” üçün siftəsi hələ baş tutmayıb.

Rodri “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2020/2021, 2021/2022, 2022/2023, 2023/2024), İngiltərə Kubokunun (2023), İngiltərə Liqa Kubokunun (2020, 2021), İngiltərə Super Kubokunun (2020), Çempionlar Liqasının (2022/2023), UEFA Super Kubokunun (2023/2024), FIFA Klub Dünya Kubokunun (2024) qalibi olub. Rodri həmçinin Çempionlar Liqasında 2022/2023-cü illər mövsümünün oyunçusu seçilib.

Rodriqo Ernandes 2018-ci ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 57 oyun keçirib, 4 qol vurub, 2 məhsuldar ötürmə verib. Rodri İspaniya yığması ilə 2023-cü il UEFA Millətlər Liqasının və 2024-cü il Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir. Bu isə Rodrinin futbol tarixində ən bahalı ispan futbolçu olması deməkdir.