Rodriqo: “Ançelottiyə qəzəbliyəm”

“Real”ın hücumçusu Rodriqo Qoes La Liqanın 37-ci turu çərçivəsində “Sevilya” ilə qarşılaşmanın 81-ci dəqiqəsində əvəzləməsindən danışıb.

Arena.az xəbər verir ki, matçın sonlarında əvəzlənməsindən narazı qalan braziliyalı futbolçu bu xüsusda narazılığını dilə gətirib:

“Mən Ançelottiyə bir qədər qəzəbliyəm. Çünki daha bir qol vurub het-trikimi rəsmiləşdirmək istəyirdim. “Eyb etməz, biz, belə də qələbə qazanırıq”, deyə məşqçi bildirdi”.

Xatırladaq ki, “Ramon Sançes Pisxuan”da qonaq olan madridlilər Rodriqonun dublu sayəsində 2:1 hesablı əzmkar qələbə qazanıblar.

Rodriqo 2019-cu ilin iyul ayında “Santos”dan 45 milyon avro qarşılığında “Real”a transfer olunub. 22 yaşlı sağ cinah vingeri Madrid təmsilçisində 163 oyun keçirib, 35 qol vurub, 32 məhsuldar ötürmə müəllifi olub. “Santos”da 49 oyun keçirmiş (10 qol, 5 asist) futbolçu Braziliya millisində də 13 oyuna 1 qol vurub.