Madrid “Real”ının braziliyalı hücumçusu Rodriqo UEFA Çempionlar Liqasında yeni rekordlara imza atıb. Arena.az xəbər verir ki, o, buna İngiltərənin “Mançester Siti” klubunu 3:1 hesabıyla məğlub etdikləri yarımfinalın cavab oyununda nail olub.
Belə ki, gənc hücumçu Çempionlar Liqası tarixində 90-cı dəqiqədə və daha sonra qol vuran 4-cü oyunçudur. Braziliyalı ilk futbolçudur ki, bunu pley-offda reallaşdırıb. Əvvəllər qrup mərhələlərində 3 dəfə belə hal yaşanıb: Nilmar (2004 – Lion “Olimpik”ində, “Fənərbaxça”ya qarşı 4:2), Qaret Beyl (2010 – “Tottenhem”də, “İnter”ə qarşı 3:4), Emil Forsberq (2019 – “Leypsiq”də, “Benfika”ya qarşı 2:2).
Rodriqo braziliyalıların Çempionlar Liqası tarixində vurduğu 1000-ci qolun müəllifi olub. Bu, onun vurduğu ikinci qola təsadüf edib. Braziliya bu həddə çatan ilk ölkədir. Sonrakı yerdə 802 qolla Fransa qərarlaşır.
Rodriqo ÇL-in pley-offlarında ən sürətli 3-cü dublun müəllifidir. İki qol arasında 1 dəqiqə 29 saniyə olub. O, Robert Levandovski (2022 – “Bayern”də, “Zalsburq”a qarşı 1 dəqiqə 21 saniyə) və Kristiano Ronaldodan (2016 – “Real”da, “Volfsburq”a qarşı 1 dəqiqə 27 saniyə) geri qalır.
Qeyd edək ki, braziliyalı futbolçu “Mançester Siti” ilə matçın 68-ci dəqiqəsində Toni Kroosun əvəzində meydana buraxılıb. O, meydana çıxdıqdan az sonra komandası məğlub duruma düşüb. Lakin məhz onun vurduğu qollar sayəsində “Real” öncə hesabı bərabərləşdirib, daha sonra isə önə keçib. Məhz Rodriqonun dublu bu matçın əlavə vaxta getməsinə səbəb olub. Əlavə vaxtda daha bir qol vuran “Real” finala yüksəlib.
“Real” Çempionlar Liqasının finalında İngiltərənin “Liverpul” komandası ilə üz-üzə gələcək. Həlledici oyun mayın 28-də Fransanın paytaxtı Parisdəki “Stad de Frans”da keçiriləcək.


