UEFA Çempionlar Liqasının 1/8 finalında “Leypsiq”ə qarşı səfər oyunu “Real”ın braziliyalı sağ vingeri Rodriqo Qoes üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, “qaymaqlılar”ın 1:0 hesablı qələbə qazandığı bu oyunda Rodriqo “Real”ın heyətində 200-cü oyununu keçirib.
23 yaşlı braziliyalı futbolçu müvafiq nailiyyətinə özünün sosial şəbəkə hesabı üzərindən şərh verib:
“Hətta ən cəsarətli xəyallarımda belə, təsəvvür edə bilməzdim ki, 23 yaşıma qədər dünyanın ən böyük klubunda 200 oyun keçirəcəyəm. Mən səni sevirəm, “Real”, – Rodriqo dərc edib.
Rodriqo “Santos”un yetirməsidir. Braziliyalı vinger “Real”a 2019-cu ilin iyulunda 45 milyon avro qarşılığında elə, “Santos”dan keçib. Tərəflər arasında müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Braziliyalı ulduzun müqaviləsindəki təzminat məbləği isə 1 milyard avrodur.
Rodriqo “Real”da çıxış etdiyi müddətdə 200 oyuna çıxıb, 50 qol vurub, 39 məhsuldar ötürmə verib. Braziliyalı vinger cari mövsümdə “qaymaqlılar”la bütün yarışlarda 35 oyuna 13 qol, 7 məhsuldar ötürmə ilə fərqlənib.
Rodriqo “kral klubu” ilə İspaniya La Liqasının (2019/2020, 2021/2022), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022), Çempionlar Liqasının (2021/2022), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2023) qalibi olub.
Rodriqo Qoes 2019-cu ilin noyabrında debüt etdiyi Braziliya millisində 20 oyuna 4 qol vurub, 1 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 23 yaşlı braziliyalı vingerin transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.


