Rodriqo Qoes: “Ronaldo mənim kumirim və qəhrəmanımdır”

“Real”ın vingeri Rodriqo Qoes “Mançester Siti” ilə oyunda vurduğu qolu Kristiano Ronaldonun tərzində qeyd etməsinin səbəbini açıqlayıb.

Arena.az xatırladır ki, UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Real” və “Mançester Siti” komandaları arasında Madriddə baş tutmuş ilk oyunda qalib müəyyənləşməyib – 3:3.

İspaniya nəhənginin ikinci qolunu məhz Rodriqo vurub. “Real”ın braziliyalı sağ vingeri vurduğu qolu “qaymaqlılar”ın sabiq hücumçusu, portuqal ulduz Kristiano Ronaldonun tərzində qeyd edib. Rodriqonun bu barədə açıqlamasını təqdim edirik:

“Mən həmişə Kristianonun videolarına baxıram. Bəzən ilham almaq üçün bunu oyundan əvvəl edirəm. Qoldan sonra ağlıma gəldi, ona görə də onun tərzində qeyd etdim. Həmişə dediyim kimi, o mənim kumirimdir, o mənim qəhrəmanımdır. Ona görə də onu şərəfləndirmək üçün belə qeyd etmək həmişə xoşdur”, deyə Rodriqo vurğulayıb.

Rodriqo Qoes “Santos”un yetirməsidir. Braziliyalı vinger “Real”a 2019-cu ilin iyulunda 45 milyon avro qarşılığında elə, “Santos”dan keçib. Tərəflər arasında müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Braziliyalı ulduzun müqaviləsindəki təzminat məbləği isə 1 milyard avrodur.

Rodriqo “Real”da çıxış etdiyi müddətdə 208 oyuna çıxıb, 53 qol vurub, 40 məhsuldar ötürmə verib. Braziliyalı vinger cari mövsümdə “qaymaqlılar”la bütün yarışlarda 43 oyuna 16 qol, 8 məhsuldar ötürmə ilə fərqlənib.

Rodriqo “Real”la İspaniya La Liqasının (2019/2020, 2021/2022), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2023) qalibi olub.

Rodriqo Qoes 2019-cu ilin noyabrında debüt etdiyi Braziliya millisində 22 oyuna 5 qol vurub, 1 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı braziliyalı vingerin transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.