Portuqaliyanın “Benfika” klubunun 21 yaşlı cinah hücumçusu Rodriqo Reqo bundan sonra “Brayton”un uğurları üçün çalışacaq.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.
Premyer Liqa təmsilçisi 21 yaşlı sağ cinah hücumçusu ilə 2031-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalandığını diqqətə çatdırıb.
Məlumata görə, “Brayton” bu keçid üçün “Benfika”ya 3,5 milyon avro təzminat ödəyib.
Rodriqo Reqo “Benfika”nın yetirməsidir və son illərdə əsasən klubun B komandasında çıxış edib. Sürəti, driblinqi və cinahdan təhlükəli ötürmələri ilə seçilən futbolçu Portuqaliyanın müxtəlif yaş qrupları üzrə milli komandalarının da formasını geyinib.
“Brayton”un rəhbərliyi Reqonu gələcəyin perspektivli futbolçularından biri hesab edir. Klubun son illərdə gənc oyunçuların inkişafına üstünlük verməsi nəzərə alınarsa, portuqaliyalı hücumçunun da bu layihənin bir hissəsi olacağı gözlənilir.
“Transfermarkt” internet-portalı 21 yaşlı vingerin transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, “Brayton” daha əvvəl Avstriya millisinin müdafiəçisi Mixael Svobodanı da heyətinə qatdığını açıqlamışdı.


