“Roma” Ayrton Lukasla güclənmək istəyir

“Roma” “Flamenqo”nun və Braziliya millisinin 26 yaşlı cinah müdafiəçisi Ayrton Lukası transfer etməyə hazırlaşır.

Arena.az bu barədə “Bolavip”ə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, romalılar müdafiənin sol cinahını gücləndirmək istəyirlər və bu məqsədlə Ayrton üçün 12 milyon avro təklif etməyə hazırdırlar.

Xatırladaq ki, Ayrton yaxınlarda Braziliya millisində debüt etmişdi. O, iyunun 17-də Qvineya ilə yoldaşlıq görüşündə (4:1) milli komandanın heyətində çıxış edib. Oyuna start heyətində daxil olan müdafiəçi 90 dəqiqəni meydanda keçirib.

Ayrton əvvəllər Moskva “Spartak”ında çıxış edib. Ötən ilin yazında “Spartak” Ayrtonu icarə əsasında “Flamenqo”ya göndərib. Yanvarda isə Moskva klubu futbolçunu 7 milyon avroya Braziliya klubuna satıb.

2022/2023 mövsümündə Ayrton “Flamenqo”nun heyətində 34 oyuna çıxıb, 6 qol vurub, 5 məhsuldar ötürmə edib.

“Transfermarkt” internet-portalı Ayrtonu 7 milyon avro məbləğində qiymətləndirir.