Son vaxtlar uğrusuzluqlar zolağına düşmüş İtaliyanın “Roma” klubunun idarə heyətində xoşagəlməz əhvalat istefa ilə nəticələnib.
Arena.az məlumat verir ki, “canavarlar” klubun baş direktoru xanım Lina Sulukunu (Suluku) istefaya göndəriblər:
“Linaya klub üçün gərgin bir dövrdə göstərdiyi fədakar xidmətə görə təşəkkür edir və ona gələcək fəaliyyətində uğurlar arzulayırıq”, – klubun rəsmi bəyanatında deyilir.
ESPN şəbəkəsinin məlumatına görə, baş direktorun istefasına səbəb “canavarlar”ın artıq keçmiş baş məşqçisi, italyan mütəxəssis Daniele De Rossinin istefası ilə əlaqədar, komandanın məşq meydançasında Sulukuya qarşı təhdidlərin əks edildiyi lövhənin azarkeşlər tərəfindən açılması olub. Amma “Roma”dan müvafiq məlumata dair şərh verilməyib.
Xatırladaq ki, sentyabrın 18-də “Roma” Daniele De Rossini istefaya göndərdiyini açıqlayıb. Bu xəbər aydın səmada şimşək təsiri buraxıb. Bu istefa paytaxt klubunun azarkeşləri tərəfindən də birmənalı qarşılanmayıb. Bəzi fanat qrupları hətta komandanın oyunlarını boykot edəcəklərini açıqlayıblar.


