“Roma” bir transferi bitirdi, türk futbolçu ilə razılığa gəldi

İtaliyanın “Roma” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt təmsilçisi Portuqaliyanın “Benfika” klubunun qapıçısı Mile Sviları heyətinə cəlb edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı qolkiper yeni klubu ilə 5 illik müqavilə bağlayıb.

Mile Svilar Belçikanın “Anderlext” klubunun yetirməsidir. O, 2017-ci ildən “Benfika”da çıxış edirdi. Daha çox klubun əvəzedici komandasında forma geyinmiş qolkiper, əsas komandada cəmi 20 matça çıxıb. Belçikada anadan olduğu üçün bu ölkənun U-15, U-16, U-17, U-18, U-19 və U-21 yığmalarında oynamış futbolçu, ötən il fərqli bir qərar qəbul edərək Serbiyanın əsas yığmasını seçib. O, Serbiya yığmasında rəsmi oyuna da çıxıb.

Xatırladaq ki, “Roma” Svilardan öncə İngiltərənin “Mançester Yunayted” klubundan serbiyalı müdafiəçi Nemanya Matiçi transfer etmişdi. Paytaxt klubunun növbəti transferinin Türkiyə millisinin üzvü Zəki Çəlik olacağı bildirilir. Artıq futbolçunun özü, həmçinin formasını geyindiyi Fransanın “Lill” klubu ilə bütün məsələlərdə razılıq əldə olunduğu iddia edilir.

“Canavarlar” Liqa 1 təmsilçisinə bu keçidə görə 7 milyon avro ödəyəcək. “Lill” futbolçunun sonrakı satışından da 15 faiz pay əldə edəcək. Transferin bir hissəsi kimi İtaliya klubunun gənc oyunçusu Ebrima Darboe transfer hüquqlar ilə birgə Fransa təmsilçisinə veriləcək. Türkiyəli futbolçunun romalılarla 4 illik müqaviləyə imza atması gözlənilir. Onun “Lill” ilə anlaşmasının müddəti 2023-cü ilin yayına qədərdir.

Zəki Çəlik 2018-ci ildən “Lill”də çıxış edirdi. O, geridə qalan mövsümdə bu komandanın heyətində meydana çıxdığı 40 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Daha öncə ölkəsində “Karacabəyspor” və “İstanbulspor” klublarının formasını geyinmiş sağ cinah müdafiəçisi, Türkiyə millisində meydana çıxdığı 32 oyunda 2 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: