“Roma” Daniele De Rossinin gələcəyi ilə bağlı qərar qəbul etdi

“Roma”nın baş məşqçisi, italyan mütəxəssis Daniele De Rossinin paytaxt təmsilçisi ilə yeni müqavilə imzalaya biləcəyi haqda məlumat sızıb.

Arena.az bu barədə “Calciomercato” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlum məlumatına görə, “Roma”nın sahibləri De Rossinin işindən heyran olublar və ona əhəmiyyətli maaş artımı ilə 2 illik müqavilə təklif etmək barədə müzakirə aparıblar. Amma hələ ki, rəsmi danışıqlar başlanmayıb. De Rossinin “Roma” ilə hazırkı müqaviləsi cari mövsümün – iyun ayının sonuna qədər qüvvədədir.

Xatırladaq ki, italyan mütəxəssis “canavarlar”ın sükanı arxasında yanvarın 16-da gözlənilmədən portuqal mütəxəssis Joze Mourinyonu əvəz etmişdi.

“Roma” Daniele De Rossinin qarşısında klubun cari mövsümə iddialarını həyata keçirmək vəzifəsini qoyub – A Seriyasında avrokuboklara vəsiqə uğrunda mübarizə, beynəlxalq arenada bacardıqca uzağa getmək. “Canavarlar” bu mövsüm İtaliya çempionatında 27 oyuna topladıqları 47 xalla 5-ci pillədə qərarlaşıblar.

Daniele De Rossi Joze Mourinyonun başladığı işi layiqincə davam etdirir. İtalyan mütəxəssis “Roma”nı 9 oyuna çıxarıb, 7 qələbə qazanıb, 1 heç-heçə edib, 1 məğlubiyyət acısı yaşayıb. Vurğulayaq ki, “canavarlar” De Rossinin rəhbərliyi altında çempionatın açıq-aşkar ən qüvvətli komandası və lideri “İnter”ə məğlub olublar – 2:4. Avropa Liqasında isə “Feyenoord”la səfər heç-heçəsi ediblər – 1:1.

De Rossinin futbol ölçüləri ilə bir məşqçi kimi gənc yaşına rəğmən, kifayət qədər dolğun təcrübəyə malik olduğu amili ortadadır.

2021-ci ilin martında De Rossi AÇ-2020-nin sonuna qədər texniki köməkçi vəzifəsini tutaraq, İtaliya yığmasında Roberto Mançininin məşqçilər qərargahında olub. İtaliya yığması AÇ-2020-də qələbə qazanıb. 2021-ci ilin avqustunda De Rossi milli komandanın məşqçilər qərargahından istefa verdiyini açıqlayıb və 2022-ci ilin oktyabrında müstəqi məşqçilik karyerasına başlayıb. De Rossi B Seriyasının təmsilçisi SPAL-ın sükanı arxasına keçib.

Daniele De Rossi 2002-2019-cu illərdə “Roma”da çıxış edib. Bu müddət ərzində dayaq yarımmüdafiəçisi bütün yarışlarda “canavarlar”ın heyətində 626 oyunda iştirak edib, 63 qol vurub, 60 məhsuldar ötürmə vedib.

“Roma” azarkeşləri Daniele De Rossini Françesko Totti ilə bərabər klubun canlı əfsanəsi adlandırırlar.