“Roma”nın futbolçuları xəstəxanada olan komanda yoldaşları, ivuarlı mərkəz müdafiəçisi Evan Ndikaya baş çəkiblər.
Arena.az xatırladır ki, Ndika ötən gecə, aprelin 14-də İtaliya A Seriyasının 32-ci turu çərçivəsində “Udineze” ilə səfər oyununda sinəsindən yapışaraq ot üstünə yıxılmış və dərhal ilk tibbi yardım göstərilərək, xəstəxanaya çatdırılmışdı.
“Evan özünü yaxşı hiss edir, əhval-ruhiyyəsi yaxşıdır. O, xəstəxanada müayinələr üçün müşahidə altında qalacaq”, – klubun rəsmi bəyanatında bildirilir.
Xatırladaq ki, oyun bu hadisədən sonra, hesab 1:1 ikən dayandırılıb. Qarşılaşmanın daha sonra qaldığı yerdən davam etdirilməsi gözlənilir. Amma bununla bağlı hələ rəsmi qərar açıqlanmayıb.
Evan Ndika “Oser”in yetirməsidir. “Oser”dən “Ayntraxt”a keçmiş Ndika, 2023-cü ilin iyulunda Frankfurt klubunu azad agent qismində tərk edərək, “Roma”ya qoşulub. İvuarlı futbolçunun “Roma” ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ndika “canavarlar”ın heyətində bütün yarışlarda 28 oyuna çıxıb, 2 məhsuldar ötürmə ilə fərqlənib.
Evan Ndika yeniyetməlik və gənclik illərində Fransanın aşağı yaş qruplarından ibarət yığmalarının heyətində çıxış etsə də, əsas seçimini vətəni Kot-d’İvuarın lehinə edib. Ndika Kot-d’İvuar yığmasının heyətində 13 oyun keçirib, məsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Evan Ndikanın qənimətlər muzeyində Frankfurt “Ayntraxt”ı ilə qazandığı 2021/2022 mövsümü Avropa Liqası və Kot-d’İvuar yığması ilə qalib olduğu 2024-cü il Afrika Kuboku var.
“Transfermarkt” internet-portalı 24 yaşlı ivuarlı mərkəz müdafiəçisinin transfer dəyərini 24 milyon avro məbləğində qiymətləndirir.
