“Roma” klub loqosunu dəyişdi

İtaliya paytaxtının təmsilçisi “Roma” “canavarlar”ın yeni klub loqosunu futbol ictimaiyyətinə nümayiş etdirib.

Arena.az bu barədə klubun rəsmi saytına istinadən məlumat verir.

“Canavarlar”ın yenilənmiş loqosu klubun 98-cu il dönümünə həsr edilib.

Xatırladaq ki, “Roma”nın növbəti ildöünümü iyulun 22-də qeyd ediləcək. 2027-ci ilin müvafiq tarixində isə “canavarlar” 100 illik yubileylərini qeyd etməyə hazırlaşırlar.

Paytaxt təmsilçisinin rəsmi bəyanatında deyilir:

“Bizim, təsisçi-atalarımıza bəslədiyimiz hörmət, bizim, azarkeşlərimizin duyğularına bəslədiyimiz hörmətə bərabərdir. Bu səbəbdən, bütün tarixi dəyərləri və əhəmiyyəti tamamilə anlayaraq, biz qərara aldıq ki, iyulun 22-i tarixi bizim üçün xüsusi bayram günü olacaq: hər ilki məqam və qürur rəmzində birləşmiş və “Roma”nın görkəmli tarixi irsinə bağlı klub azarkeşləri üçün ildönümü.

Bundan başqa, biz, bu klubun ruhunu təcəssüm etdirəm tarixi loqonun, rəmzin qaytarılmasını qürurla bəyan edirik. Bu qərar, bizim ənənələrimizə dərin hörmət və bizim azarkeşlərimizin ən məhrəm arzu-diləklərinə cavab olaraq qəbul edilib, bu, “Roma”nın simasına hörmətin bir hissəsidir. Köklərimizə olan hörmət, bizim gələcəyimizin qurulması üçün gərəklidir”, – “canavarlar”ın rəsmi bəyanatında deyilir.

Əlavə edək ki, “Roma” klassik loqosunu 1997-2013-cü illərdə istifadə edib.

“Roma” 1927-ci ildə təssis edilib və İtaliyanın aparıcı klublarından biridir. “Canavarlar” tarixi ənənələrə dayanırlar və sadiq azarkeş ordusuna malikdirlər. Bu komandanın əzəli rəqibi isə İtaliya paytaxtının digər təmsilçisi – “Latsio”dur. “Qartallar”la oyun “canavarlar” üçün şərəf məsələsidir. “Roma” əsasən hücum futboluna köklənmiş fəal oyunu ilə seçilib, hətta nəticələri olmasa belə, “canavarlar” əksərən məhz baxımlı futbol oynamaqla diqqət çəkiblər.

“Roma” İtaliya çempionatını 3 dəfə qazanıb, 14 dəfə gümüş medalla kifyətlənib. “Canavarlar” həmçinin İtaliya Kubokunda 9 zəfər əldə ediblər və 8 gümüş medal qazanıblar. İtaliya Super Kubokunda isə bu komanda 2 qalibiyyət əldə edib.

Avropa yarışlarında “Roma” 1983/1984-cü illər mövsümündə Çempionlar Kubokunun finalına yüksəlib ki, bu da “canavarlar”ın ən yaxşı nailiyyətidir. İtaliya klubu burada İngiltərə nəhəngi “Liverpul”a əsas vaxtı 1:1 hesabı ilə başa çatmış oyunun oyunsonrası penaltilər silsiləsində məğlub olub – 2:4. Buna rəğmən, “canavarlar” Çempionlar Liqasında bir qayda parlaq oyunları ilə seçiliblər.

“Roma” UEFA Kubokuna və Avpoa Liqasında müvafiq olaraq 1990/1991-ci və 2022/2023-cü illərdə finalçı olub.

“Roma”nın Avropada ilk uğuru isə 1960/1961-ci illər mövsümünə təsadüf edir. O vaxt “canavarlar” Yarmarkalar Kubokunun (UEFA Kubokunu əcdadı) qalibi olublar, İtaliya klubu İngiltərə təmsilçisi “Birmingem Siti”ni məğlub edib (səfərdə 2:2; evdə 2:0).

Həmçinin “Roma” 1951/1952-ci illər mövsümündə İtaliya B Seriyasının qalibi olub. 1972-ci ildə isə Anqlo-İtalyan Kubokunu qazanıb, “canavalar” final oyununda “Blekpul”u məğlub ediblər – 3:1.

Müasir tarixində “Roma”nı Avropa səhnəsinə məşhur portuqal mütəxəssis Joze Mourinyo qaytarıb. “Mour”un rəhbərliyi altında “canavarlar” Konfrans Liqasının ilk tarixi mövsümndə – 2021/2022-ci illər mövsümndə final oyununda “Feyenoord”u 1:0 hesabı ilə məğlub etməklə zəfər qazanıblar.

“Roma”nın tarixi ərzində komanda üçün ən çox oyun keçirmiş və ən çox qol vurmuş oyunçu – “canavarlar”ın əfsanəvi kapitanı, italyan hücumçu Françesko Tottidir. Totti bu klub üçün 1993-2017-ci illərdə çıxış edib və ümumilikdə 786 oyun keçirib, 307 qol vurub. Ümumiyyətlə, bu komandadan çoxsaylı adlı-sanlı oyunçular gəlib-keçiblər ki, bu da “canavarlar”ın tarixən ilk növbədə, məhz futbol oyunu və onun dəyərlərinə diqqət yetirməsi ilə bağlıdır.

“Roma” İtaliya A Seriysında 2024/2025-ci illər mövsümünü yarış cədvəlinin 5-ci pilləsində başa vuraraq, növbəti mövsümün Avropa Liqasında iştirak hüququ qazanıb.

Paytaxt təmsilçisini yeni mövsümdə “canavarlar”ın sükanı arxasına yenicə təyin edilmiş 67 yaşlı italyan mütəxəssis Can Pyero Qasperini çalışdıracaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: