“Roma” “Latsio” ilə derbi oyununa yeni forma ilə çıxacaq

“Roma” İtaliya A Seriyasının 31-ci turu çərçivəsində qarşılaşacağı əzəli rəqibi “Latsio” ilə paytaxt derbisinə yeni oyun dəstində çıxacaq.

Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

“Klubun tarixinə ehtiram” adlı rəsmi təqdimat mərasimində “Roma” klubun 1990-cı illərin və 2000-ci illərin əvvəllərinin irsini xatırladan yeni “ASR Origins” köynəyini təqdim edib.

“Adidas” şirkəti tərəfindən tərtib edilmiş dəst 1927-ci ildən klubun ilk 35 ilində istifadə edilən ənənəvi ASR üslublu gerbi, narıncı altlıqlı yaxalıq və qol haşiyəsinə malikdir.

Bu formada “canavarlar” cari mövsüm A Seriyasının 31-ci turunun aprelin 6-da baş tutacaq oyununda “qartallar”la qarşılaşacaqlar.

Xatırladaq ki, “Roma” – “Latsio” oyunu “Stadio Olimpiko”da baş tutacaq. Hakimin başlanğıc fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.

İtaliya A Seriyasının 30 turundan sonra “canavarlar” 52 xalla yarış cədvəlinin 5-ci, “qartallar” isə 46 xalla 7-ci pilləsində qərarlaşıblar.

Xatırladaq ki, 1999/2000 mövsümündə “Latsio” 34 oyundan 72 xal toplayaraq İtaliya A Seriyasının qalibi olub. Həmin mövsüm bu komandanın əzəli rəqibi 54 xalla mövsümü 6-cı pillədə bitirib.