“Roma” Mauro İkardi ilə güclənmək istəyir

Roma” ağır zədə səbəbindən uzun müddətə sıradan çıxmış Temmi Abrahamı əvəzləmək üçün Mauro İkardi ilə müqavilə bağlaya bilər.

Arena.az “Sky Sport”a istinadən xəbər verir ki, Abraham A Seriyasının 38-ci turunda komandasının “Spetsiya”ya qarşı keçirdiyi ev oyununun (2:1) 80-ci dəqiqəsində zədələnərək, meydanı xərəkdə tərk edib.

Abrahamın dizinin çarpaz vətərləri qırılıb. İngilis hücumçunun yaşıl meydanlara qayıdışı ən azı altı aydan sonraya təxmin edilir.

“Football Italia” bildirir ki, “Roma” Abrahama mümkün əvəzləyici qismində hazırda “Qalatasaray”ın heyətində icarə əsasında çıxış edən PSJ-nin 30 yaşlı argentinalı hücumçusu Mauro İkardini diqqətində saxlayır.

İkardi geridə qalmış mövsüm ərzində “Qalatasaray”ın heyətində 26 dəfə meydana çıxıb. O, bu oyunlarda 23 qol vurub, 8 məhsuldar ötürmə etməklə, komandasının Türkiyə çemmpionluğunu qazanmasına töhfəsini verib.

“Transfermarkt” internet-portalı İkardini 18 milyon avro məbləğində dəyərləndirir.

Abrahama gəlincə, nigeriyaəsilli hücumçu geridə qalmış mövsümdə 54 oyunda romalıların heyətində meydana çıxıb, 9 qol vurub, 7 məhsuldar ötürmə verib. Futboçu “Roma” ilə Avropa Liqasının finalına yüksəlib, gümüş medalla kifayətlənməli olub.