“Roma” Səudiyyə Ərəbistanı sərmayəçilərinin əlinə keçə bilər

Səudiyyə Ərəbistanından olan sərmayəçilər son illərin ənənəsinə uyğyn olaraq, İtaliyanın paytaxt təmsilçisi “Roma” klubunu almaq istəyirlər.

Arena.az bu barədə “La Repubblica” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, artıq tərəflər arasında danışıqlar başlayıb. Paytaxtın eyniadlı klubunun hüquq departamentinin rəhbəri Ər-Riyaddadır. Ərəb sərmayəçilər klub üçün 900 milyon avro təklif etməyə, həmçinin yeni stadionun tikintisi üçün daha 300 milyon avro ayırmağa hazırdırlar. Bununla belə, arenanın layihəsi şəhər hakimiyyətinin təsdiqini tələb edir.

Vurğulayaq ki, “Roma”nın mümkün sahiblərindən biri “Nyukasl”ın sahibi olan Səudiyyə Ərəbistanının Suveren Sərvət Fondu (PIF) ola bilər.

Xatırladaq ki, ötən yay “canavarlar”ın sahibi Den Fridkin klubu 1 milyard avro məbləğə satmaqdan imtina etmişdi.

Hazırda “canavarlar” A Seriyasının cari mövsümündə 23 turdan sonra 38 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıblar. “Roma” gələn mövsümdə UEFA Çempionlar Liqasında iştiraka köklənib. Klub cari mövsümdə avrokuboklarda da iştirakını davam etdirir. Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Daniele De Rossinin komandası “Feyenoord”la qarşılaşacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: