“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 2-ci turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatmış matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“İlk hissədə kifayət qədər qol epizodları yaratdıq. Amma onları qola çevirə bilmədik. Onlardan yararlansaydıq, oyun başqa cür alınardı. Bu oyuna görə heç bir futbolçuya irad bildirə bilmərəm. Çünki meydanda özünün ən yaxşısını qoymayan oyunçu yox idi. Qələbə qazanmaq istəyirsənsə, epizodları vurmaq lazımdır.
Deyə bilmərəm ki, Kilan Lebondan öncə başqa cür oynadıq, girəndən sonra oyun dəyişdi. Lebon meydana əla daxil oldu. Çox epizodları sürətləndirirdi, maraqlı hərəkətlər edirdi. Məncə, gələcəkdə o daha çox oynaya bilər. Kilan komandaya sonradan qoşuldu. O, özünü çox yaxşı tərəfdən göstərdi. Onunla danışmışıq. Əminəm ki, yaxın vaxtlarda 90 dəqiqə oynayacaq”.
Roman Qriqorçuk matçdan sonra futbolçularla azarkeşlər arasında münaqişə yaranmasına da münasibət bildirib. Belə ki, münaqişə zamanı Ervin Koffi azarkeşə butulka atib:
“Neftçi” şübhəsiz ki, hər oyunda qələbə qazanmalıdır. Azarkeşlərə qələbə bəxş etməliyik. Qələbə olmayanda, neqativlik yaranır. Epizoddan uzaqda idim. Oyunçularla azarkeşlər arasında yaranmış problemin səbəbini bilmirəm. Oyunçulara belə irad bildirmək üçün hansısa səbəb olduğunu düşünmürəm. Nəsə başqa bir şey olsaydı, qəbul edərdim. Orada nə baş verdiyini bilmirdim, eşitmirdim. Amma hansısa futbolçum azarkeşə söz deyirsə belə, onlara haqq qazandırmaram. Əgər azarkeşlər pis söz deyibsə, oyunçuya haqq qazandırıb, onun tərəfini tuta bilmərəm. Futbolçunu söyürlərsə, nə baş verməlidir? Futbolçuya, komandaya hörmət etmək lazımdır. İstedadlı futbolçu klub üçün mübarizə aparmırsa, bəli, pis sözlərə layiqdir. Oyunçularla azarkeşlər arasında sivil münasibət olmalıdır”.
“Neftçi”yə oynamağa imkan verməməyə çalışdıq”
“Səbail”in baş məşqçisi Şahin Diniyev isə heç-heçəyə belə şərh verib:
“Komandanın orta yaş həddi 23,7-dir. Bu komanda qaçmalı, vuruşmalıdır. Yeni komandayıq. Bu gün heyətin 9-10 nəfəri keçənilkindən fərqli idi, yenilərdir. Ötən tur Zirədə ilk oyuna çıxdıq, ilk 45 dəqiqədən sonra komandanı dəyişə bildik. Potensialımız var. Oyun maraqlı keçdi. Azarkeşlər üçün bolqollu, şanslı oyun idi. Baxmayaraq ki, iki qol oldu. Biz generallardan ibarət “Neftçi”yə qarşı əsgərlərlə oynayırdıq. Potensiallar arasında fərq var idi. Amma oyunda bunu görmədik. Vuruşduq. “Neftçi”yə oynamağa imkan verməməyə çalışdıq. Qələbə də qazana bilərdik, uduza da bilərdik. Heç-heçə başlanğıc üçün yaxşıdır. Artırmalıyıq. Futbolçularıma təşəkkür edirəm. Tapşırıqları tam yerinə yetirdilər.
Transferlərə nöqtə qoymuşuq. Ən azından dekabra qədər. Ramalinqom 6-7 turdan sonra başladı. Ayman Buali formasını yığdıqdan sonra çox yaxşı oynayacaq. Biz komanda halında oyunumuzu gücləndirmək istəyirik. Bir oyunçudan asılı ola bilmərik. Bütün futbolçular lider olmalıdır. Futbolçuya yox, döyüşçülərə ehtiyac var. Keçən il hamı ilə rəqabət aparan “Səbail” vardı, hətta “Qarabağ”a da qalib gəldik. Yenidən komanda düzəldirik. Problemləri addım-addım həll edəcəyik. Demirəm ki, avrokuboklara oynayırıq. Söz verirəm ki, yaxşı, rəqabət yaradan “Səbail” olacağıq. Sonuncu yer uğrunda mübarizə aparan komanda olmayacağıq”.