“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk Premyer Liqanın 8-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, ukraynalı mütəxəssis 1:1 hesabıyla başa çatmış oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Biz qələbəyə daha yaxın idik. Amma futbolda belə şeylər olur. Necə varsa, elə də qəbul edirik. Stadionumuz dəyişib, buranı bəyənirəm. Oynadığımlz futbol və nəticələr bundan çox geri qalır. Oynumuzu yaxşılaşdırmalıyıq. Buna da yalnız əzmkar işlə nail olmaq mümkündür. Taktiki və fiziki cəhətdən çatışmazlıqlar yoxdur. Psixoloji cəhətdən oyunçular üzərində təzyiq var. Psixoloji baxımdan daha yaxşı olmalıyıq. İndi yalnız qələbə futbolçunu daha yaxşı tərəfə dəyişəcək. Min faiz əminliklə deyə bilərəm ki, bir qələbə qazansaq, hər şey daha yaxşı olacaq. Qələbə futbolçunu çox güclü dəyişir. Analiz edirəm, görürəm ki, qələbəsizlik futbolçularda necə təzyiq yaradır. Futbolçular kimi, mənə də təsir edir”.
Roman Qriqorçuk “Neftçi”nin azarkeşlərinə böyük borcunun olduğunu vurğulayıb:
“Neftçi” brenddir. Nəticələr də buna layiq olmalıdır. Təbii ki, bu haqda düşünməmişdim. Komandanın 8 oyunda qalib gələ bilməyəcəyini düşünmək çətindir. Bilmirəm hansı sözlə ifadə edim. Azarkeşlərə böyük borcum var, qaytarmağı fikirləşirəm. Yaranmış vəziyyət məni çox üzür. Qazanacağımız qələbələr azarkeşlərimizə həsr olunacaq”.
“Hakimin qərarları bizi xallardan etdi” – Samir Abasov
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov isə heç-heçəyə belə şərh verib:
“Bir az məyusuq. O da itirdiyimiz xallara görədir. Ardıcıl məğlubiyyətdən sonra səfərdə qələbə qazana bilərdik. Bu da yenidən ayağa qalxmaq üçün stimul olardı. Referiden də xoşum gəlmədi. Onun qərarları da bizi xallardan etdi. Yanılmıram. Dəfələrlə epizodlara baxdım. Roy Kehatın epizodunda təmiz penalti verilmədi. Son nöqtələrdə keyfiyyət məsələsinə görə xallardan olduq. “Neftçi” kimi komanda ilə görüşdə epizodlar da olur qapında. Biz də epizodlar əldə etdik. Son olaraq, futbolçunun üzərinə düşən rahatlıq var idi. Orada axsadıq. Bu, bizim üçün başlanğıcdır. Öz gücümüzə inanırıq.
Cordan Rezabala bu gün çox yaxşı oynadı. Tək o yox, futbolçuların hamısı yaxşı performans göstərdi. Rəhimə də inamım sonsuzdur. Bu periodu da keçəcək. Rəhimin keyfiyyəti, bacarığı var. Onun minusu var, özünə də demişəm, öz ab-havasından çıxmağa çalışmır. Öz oynadığı futbolu üstün sayır. Rəhimi yola gətirəcəyik, ona inanırıq. Bəzi oyunçuların kənardan matça baxmağa ehtiyacı var. Bəziləri ilə ciddi danışdıq. Tresor Mossini əvəzedici heyətə göndərdik. Məqsəd ağıllarını yerinə oturtmaq idi. Bizə ən çox motivasiyanı verən azarkeş idi. “Neftçi”yə qarşı oyunda niyə motivasiyalı olmalı deyiləm? Hamımız motivasiyalı olmalıyıq”.