Roman Qriqorçuk “Neftçi”dən getdi – Rəsmi

“Neftçi” Peşəkar Futbol Kklubu ilə baş məşqçi Roman Qriqorçuk arasında müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.

Klub təcrübəli mütəxəssisə əməkdaşlığa görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, 59 yaşlı mütəxəssis özü klub rəhbərliyinə müraciət edərək, vəzifəsindən ayrılmağa hazır olduğunu bildirmişdi. Ukraynalı məşqçi müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi üçün heç bir təzminat tələb etməyəcəyini vurğulamışdı. Son qərarın klubdaxili iclasda veriləcəyi və təcrübəli çalışdırıcının istefasının qəbul olunacağı gözlənilirdi. Göründüyü kimi, klub rəhbərliyi onun istefasını qəbul edib.

Roman Qriqorçuk bu mövsümün əvvəlində “Neftçi” ilə 2 illik müqavilə imzalamışdı. Cəmi 5 heç-heçəsi olan Qriqorçuklu “Neftçi” 4 oyunda da məğlubiyyətə üzülmüşdü və qələbə qazana bilməmişdi. Məhz bu üzdən də onun istefası xeyli müddət idi gündəmdəydi.

“Neftçi” ölkə çempionatında 9 turdan sonra 5 xalla 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, hazırda türkiyəli Fatih Terim, İsmail Kartal, belaruslu Viktor Qonçarenko kimi məşqçilərin adı “ağ-qaralar”la birgə hallanır. Ancaq onların heç birinə rəsmi təklif olunmayıb. Klub rəhbərliyinin Qriqorçuku kiminlə əvəz edəcəyi hələ dəqiq bilinmir.

Xatırladaq ki, məşqçilik fəaliyyətinə 1998-ci ildə köməkçi məşqçi kimi başlayan, 2000-ci ildən etibarən isə baş məşqçi postunu tutan mütəxəssis Latviyanın “Dinaburq” (1998-2005) və “Ventspils” (2005-2009), vətənində “Metallurq” (2009-2010) və “Çernomorets” (2010-2014, 2021-2024-cü ilin iyun ayınadək), Qazaxıstanın “Astana” (2018-2019), Belarusun “Şaxtyor” (2020-2021) klublarında çalışıb. Qriqorçuk 2015-2018-ci illər aralığında da Azərbaycan təmsilçisi “Qəbələ”də baş məşqçi olub.