Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən para-üzgüçülük üzrə dünya seriyası Azərbaycan idmançısı Roman Saley üçün uğurlu alınıb. Arena.az xəbər verir ki, idmançımız bu yarışda dünya rekorduna imza atıb.
Üç qat paralimpiya çempionumuz turnirin təsnifat mərhələsində 200 metrəyə sərbəst üzmədə 01.58.36 nəticə göstərərək dünya rekorduna imza atıb. Bununla da R.Saley yarışın final mərhələsinə vəsiqə qazanıb.
Eyni zamanda R.Saley 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə finala vəsiqə əldə edib. İdmançımız 50 metr məsafəyə arxasıüstə üzmə yarışında da finalda iştirak hüququ qazanıb.
Millinin digər üzvü, paralimpiya çempionu Vəli İsrafilov da 100 metr məsafəyə brass üsulu ilə üzmədə finala vəsiqə qazanıb.
Sonrakı gündə Roman Saley 100 metrə məsafəyə batterflay üsulu ilə üzmə üzrə final yarışında 57.83 saniyəlik nəticə göstərərək gümüş medala sahib çıxıb. O, 50 metr məsafəyə arxasıüstə üsulu ilə üzmədə 27.96 saniyəlik nəticə göstərərək gümüş medal qazanıb. Vəli İsrafilov isə medal qazana bilməyib.
Yeri gəlmişkən, Azərbaycan para-atleti Lamiyə Vəliyeva da İtaliyanın Cesolo şəhərində keçirilən qran-pridə qızıl medal qazanıb. O, 400 metr məsafəyə qaçışda 56.75 saniyə nəticə göstərərək birinci yeri tutub. Paralimpiya çempionu bu göstərici ilə cari ilin iyulunda Fransanın paytaxtı Parisdə təşkil olunacaq dünya birinciliyinə lisenziya əldə edib.