Romarik Etonde gəldi, “Monako” 3 futbolçu ilə vidalaşdı

Fransa çempionu PSJ-nin hücumçusu Romarik Etonde Paris klubundan ayrılaraq “Monako” ilə müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə “knyazlıq” təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Fransadan olan Kamerun əsilli 18 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. PSJ ilə müqaviləsi bu ayın sonunda bitən gənc forvarda görə təzminat ödənilməyəcək. Buna onun yeni klubuna azad agent kimi keçməsi şərait yaradıb. PSJ-nin öz yetirməsi olan Romarik Etonde klubun gənclərdən ibarət komandalarında oynayıb və əsas komandada debüt şansı qazanmayıb.

“Monako” müvafiq olaraq “Bayern” və “Çelsi”dən icarəyə götürdüyü qapıçı Aleksandr Nübel və müdafiəçi Malanq Sarrla da yollarını ayırdığını açıqlayıb. Nübel 2021-ci, Sarr isə 2022-ci ilin yayında icarəyə götürülmüşdü. Onların müqavilə müddətləri bu ayın sonunda bitir. Liqa 1 təmsilçisi sözügedən oyunçuları saxlamaqda və transfer hüquqlarını almaqda maraqlı olmayıb.

Xatırladaq ki, Nübel bu müddətdə “Monako”da 97 matç keçirib. Almaniyadan olan 26 yaşlı qolkiper bu matçlarda 126 qol buraxıb, 24 görüşdə isə qapısını toxunulmaz saxlamağı bacarıb. Daha ncə “Paderborn” və “Şalke”də də oynamış alman qolkiperin “Bayern”lə 2025-ci ilin yayına kimi müqaviləsi var.

Sarr isə “Monako”da cəmi 21 matç keçirib. Fransadan olan 21 yaşlı mərkəz müdafiəçisi daha öncə “Nitsa” və “Portu”da da oynayıb. Onun da “Çelsi”ylə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi mövcuddur.

“Monako” mərkəz yarımmüdafiəçisi Pele ilə də yollarını ayırıb. Tam adı Judilson Mamadu Tuncara Qomes olan 31 yaşlı futbolçunun bu klubla müqaviləsinin müddəti bu ayın sonunda bitir. Liqa 1 təmsilçisi Portuqaliyadan olan, Qvineya Bisau yığmasının formasını geyinən oyunçu ilə yeni müqavilə bağlamaq istəməyib. 2019-cu ilin yanvarında “Rio Ave”dən 7,2 milyon avro qarşılığında “Monako”ya keçən Pele, bu komandada cəmi 11 matç keçirib, 1 assistlə yadda qalıb. Heyətə düşə bilməyən futbolçu “Nottingem Forest”, “Ridinq”, “Rio Ave”, “Famalikan” kimi klublara icarəyə göndərilib.