Romario: “Endrik mənim səviyyəmə çatmaq üçün çox çalışmalıdır”

Braziliya millisinin canlı əfsanəsi Romario “selosao”nun 17 yaşlı doğulmaqda olan yeniyetmə ulduzu Endrik haqda danışıb.

Arena.az bu barədə “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir.

Xatırladaq ki, bir qədər əvvəl keçmiş ingilis yarımmüdafiəçi Co Koul Endriki Romario ilə müqayisə etmişdi. İti dili ilə səciyyəvi olan “Bəstəboy”un cavabı özünü çox gözlətməyib:

“Onun mənə yetişmək üçün hələ çox işi var. Müqayisə etmək hələ tezdir, xüsusən də mənimlə. Amma o, gələcəkdə ondan çox şey gözləyə biləcəyimiz yaxşı hücumçudur”, deyə Romario vurğulayıb.

Xatırladaq ki, Endrik Braziliya millisinin son 2 yoldaşlıq oyununda 2 qol vurub. “Uembli”də vurduğu qolla Endrik İngiltərə yığmasına məğlubiyyət yaşadıb – 0:1. “Santyaqo Bernabeu”da İspaniya yığmasına qarşı oyunda (3:3) isə yeniyetmə ulduz “selesao”nun qollarından birinə imza atıb.

Endrik bu qollar sayəsində əfsanəvi futbolçu Pelenin Braziliya millisindəki rekordunu qırıb. 17 yaşlı hücumçuya bu iki qolu vurmaq üçün millidə 49 dəqiqə bəs edib. Pele isə Braziliya milli komandasında iki qolu 54 dəqiqəyə vurmuşdu.

Böyük futbolda 2-ci mövsümünü keçirən 17 yaşlı Endrik “Palmeyras”ın yetirməsidir. Endrik İspaniya nəhəngi “Real”la müqavilə imzalayıb, amma 18 yaşı tamam olmadığı üçün yalnız 2024-cü ilin yayında, həddi-büluğa çatdıqdan sonra “qaymaqlılar”a qoşulacaq.

“Transfermarkt” internet portalının məlumatına görə, Endrikin “Real”a keçidi Madrid klubuna 37,5 milyon avroya başa gəlib.

Endrik Braziliya futbolunun artıq başa çatmış son mövsümündə “Palmeyras”ın heyətində 53 oyuna çıxıb, 14 qol vurub, 1 məhsuldar ötürmə verib. Yeniyetmə futbolçu geridə qalmış mövsümdə 2022/2023 Braziliya A Seriyasının və 2023 Braziliya Super Kubokunun qalibi olub. Hücumçu həmçinin 2021/2022 mövsümündə də “Palmeyras”la Braziliya çempionluğunu bayram edib.

Endrik 2023-cü ilin noyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 4 oyun keçirib və artıq məlum olduğu kimi, 2 qol vurub.

“Transfermarkt” internet-portalı 17 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.