Lion “Olimpik”inin 25 yaşlı sağ cinah yarımmüdafiəçisi Romen Fevr İngiltərənin “Bornmut” klubuna transfer olunub.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Fransız futbolçu İngiltərə klubu ilə 5 illik müqaviləyə imza atıb. “Bornmut” onun transferi üçün Fransa klubuna 15 milyon avro ödəyib. Amma Fevrin 2023/2024 mövsümünü Fransanın digər klubu “Loryan”da icarədə keçirəcəyi diqqətə çatdırılıb.
Xatırladaq ki, Romen Fevr Lion “Olimpik”inə 2021-ci ilin yanvarında “Brest”dən elə 15 milyon avroya transfer olunmuşdu. O, bu komandanın heyətində 28 oyuna çıxıb, 3 qol və 1 assistlə yadda qalıb. Fevr bu ilin əvvəlində də “Loryan”a icarəyə verilmiş və bu komandada 17 oyuna 5 qol və 3 assist müəllifi olmuşdu. Yarımmüdafiəçi daha öncə “Tur”, “Monako” və “Brest”də oynayıb, Fransanın U-21 yığmasının uğurları üçün çalışıb.
“Bornmut”un öz yarımmüdafiəçisi Ben Pirson da “Stok Siti”yə keçib. 28 yaşlı ingilis futbolçu yeni klubu ilə 4 illik müqaviləyə imza atıb. O, 2021-ci ilin yanvarından formasını geyindiyi “Bornmut”da 55 oyuna çıxıb və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi bu ilin əvvəlindən icarə əsasında məhz “Stok Siti”də çıxış edirdi. O, bu komandada 14 oyuna 1 məhsuldar ötürmə müəllifi olub. Futbolçu “Preston Nort End” və “Barnsli” klublarının da formasını geyinib.
Premyer Liqa təmsilçisinin sol cinah vingeri Siriki Dembele də “Birmingem”ə transfer olunub. 26 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb. O, “Bornmut”da meydana çıxdığı 22 oyunda cəmi 2 qol və 2 assistlə yadda qalıb. Dembele daha öncə “Piterboro Yunayted”, “Qrimsbi Taun” və “Oser” klublarının da formasını geyinib.