Dünya futbolunun canlı əfsanəsi, braziliyalı superulduz Ronaldinyo “Milan”dakı karyerası ilə bağlı xatirələrini paylaşıb.
Arena.az bu barədə “Pianetamilan.it” portalına istinadən məlumat verir:
“Unudulmaz iki il yarım – azarkeşlərin sevgisi, derbidəki qollar. İndi “Milan” öz adi səviyyəsinə qayıdır və bu, məni çox sevindirir”, deyə “Roni” bildirib.
42 yaşlı veteran futbolçu vaxtilə “rossoneri”nin heyətində 95 oyunda iştirak edib, 26 qol vurub, 29 məhsuldar ötürmə verib. Avropanun futbol meydanlarında o, PSJ və “Barselona”nın heyətində fantastik futbolu ilə yadda qalıb, beləcə sevilib. Əfsanəvi futbolçu 2018-ci ilin yanvarında peşəkar karyerasına xitam verib.
Ronaldinyo “Qızıl top”un qalibi (2005) olub, həmçinin 2004-cü və 2005-ci illərdə FIFA-ya görə dünyanın ən yaxşı futbolçusu seçilib.
Ronaldinyo 1999-cu ilin iyununda debüt etdiyi Braziliya millisinin heyətində 97 oyuna çıxıb, 33 qol vurub, 29 məhsuldar ötürmə verib. “Roni” Braziliya millisi ilə 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilmiş dünya çempionatını qazanıb.