Ronaldo böyük ulduza çevriləcək futbolçunun adını çəkdi

Dünya futblounun braziliyalı əfsanəsi Ronaldo böyük dünya ulduzuna çevriləcək yeniyetmə futbolçu haqda söhbət açıb.

Arena.az jurnalist Ben Ceykobsa istinadən məlumat verir ki, “Yekədiş” öz həmvətəni, transfer hüquqları “Çelsi”yə məxsus olan, “Palmeyras”ın 17 yaşlı sağ cinah hücumçusu Estevan Villian haqda fikrini bildirib:

“O, gənc və çox istedadlı oyunçudur. O, Lamin Yamala bənzəyir. Tezliklə o, futbolda çox böyük ulduza çevriləcək. O, çox perspektivlidir və onun cəmi 17 yaşı var. Düşünürəm ki, o, klublararası dünya çempionatında “Palmeyras”da oynayacaq, sonra “Çelsi”yə keçəcək”, deyə Ronaldo həvəslə vurğulayıb.

Əlavə edək Estevan Villian “Messinyo” ləqəbi ilə tanınır.

Gələn ilin aprel ayında 18 yaşı tamam olduqdan və iyun ayının sonunda “Palmeyras”la müqavilə müddəti başa çatdıqdan sonra Estevan artıq müqavilə imzaladığı “Çelsi”yə qoşula biləcək. “Zadəganlar”ın 17 yaşlı braziliyalı futbolçu ilə imzaladığı müqavilənin müddəti və digər təfərrüat açıqlanmır. “Çelsi” bu keçid müqabilində “Palmeyras”a 34 milyon avro məbləğində ödəniş edib.

Estevan futbolda ilk addımlarını “Kruzeyro”da atmağa başlayıb. 2021-ci ildən isə yeniyetmə istedad “Palmeyras”da çıxış edir.

Estevan Palmeyrasın heyətində ümumilikdə 45 oyuna çıxıb, 15 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib.

Estevan 2024-cü ilin sentyabrında debüt etdiyi Braziliya millisinin heyətində 4 oyun keçirib, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Estevan Villian 2023-cü il Braziliya A Seriyasının qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı sağ cinah hücumçusu Estevan Villianın transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.