Ronaldo: “Bundan daha çoxunu istəyə bilməzdim”

Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo AÇ-2024-ün seçmə mərhələsində İslandiya üzərində qazanılmış qələbəni şərh edib.

Arena.az xəbər verir ki, 38 yaşlı futbolçu 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra yerli telekanallardan birinin efirində bunları söyləyib:

“Bu qələbənin xüsusi ləzzəti var. Yalnız yubiley oyunu – 200-cü oyun olduğuna görə yox. Bu oyunu qələbə qolu ilə başa vurmaq – daha çoxunu istəyə bilməzdim. Oyun ətrafında baş verən hər şeyi nəzərə alsaq, bu, əntiqə və unudulmaz idi”.

Xatırladaq ki, Kristiano Ronaldo yığma komandada keçirdiyi oyunların sayına görə mütləq rekordçu olub və “Ginnesin Rekordlar Kitabı”na düşüb. Oyundan əvvəl ulduz futbolçuya dünyada yığma komandada 200 oyun keçirən ilk futbolçu olduğunu təsdiqləyən sertifikat təqdim edilib.

Kristiano Ronaldonun ən yaxın izləyicisi küveytli Bədr Əl-Mutavadır. O, millidə 196 oyun keçirib.

Qeyd edək ki, 38 yaşlı Ronaldo yığma komandada qol sayına görə də mütləq dünya rekordçusudur. O, Portuqaliya yığmasının heyətində 123 qol vurub.