İtaliyanın “Yuventus” klubunda 2020/21 mövsümünün ən yaxşı futbolçusu məlum olub.
Arena.az xəbər verir ki, portuqaliyalı hücumçu Kristiano Ronaldo mövsümün ən yaxşısı seçilib.
Bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb. Ronaldo “Yuventus”la bu mövsüm bütün turnirlər daxil olmaqla 44 oyunda 36 qol vurub, 4 məhsuldar ötürmə edib. 36 yaşlı hücumçu 29 qolla İtaliya A Seriyasının bombardiri olub. İkinci yeri “İnter”in forvardı Romelu Lukaku tutub – 24 qol. 22 qol vuran “Atalanta”nın hücumçusu Luis Muriel isə üçüncü olub.
“Yuventus”da may ayının da ən yaxşı oyunçusu müəyyənləşib. Xuan Kuadrado bu ay sərgilədiyi oyuna görə azarkeşlər arasında aparılan sorğu nəticəsində mayın ən yaxşısı elan edilib.
Qeyd edək ki, “Yuventus” A Seriyasında mövsümü 4-cü sırada bitirib və UEFA Çempionlar Liqasında iştirak hüququ qazanıb.