“Əl-Nəsr”in portuqal ulduz hücumçusu Kristiano Ronaldo məşqçi olmağa hazır olub-olmaması ilə bağlı sualı cavablayıb.
Arena.az “Rio Ferdinand Presents” “YouTube” kanalına istinadən, portuqal ulduzun bu barədə cavabını təqdim edir:
“Məşqçi olmaq mənim üçün çətin olacaq, çünki indiki nəsil futbolçularına rəğbət hiss etmirəm. Təcrübəyə əsaslanan məsləhətlərə qulaq asmadıqları üçün bu, xüsusilə futbolda çətindir. Onlar hər şeyi bildiklərini düşünürlər. Telefonların, sosial şəbəkələrin onlara yaxşı təhsil verəcəyini düşünürlər.
Düşünməli olduğum çox məqam var. Həyatımın başqa bir fəsli bizneslə bağlıdır və mən buna heyranam. Bu, mənim üçün bir sınaq olacaq. Başa düşmədiyim digər sahələri də öyrənəcəyəm, daha çox öz işimə baş vuracağam. Düşünürəm ki, hər şey yaxşı olacaq”, deyə “Kriş” nikbin ruhda vurğulayıb.
Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 5 oyuna 4 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 69 oyun, 62 qol və 17 məhsuldar ötürmədən ibarətdir.
Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib.
Kristiano Portuqaliya yığmasının heyətində 214 oyuna 132 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
“Transfermarkt” internet-portalı 39 yaşlı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.