Futbol üzrə Braziliya millisinin sabiq hücumçusu Ronaldo dünya futbolunun iki müasir ulduz oyunçusu və özü arasında seçim edib.
Arena.az “Albiceleste Talk” dərgisinə istinadən məlumat verir ki, “Yekədiş”ə portuqal ulduz hücumçu Kristiano Ronaldo, argentinalı ulduz hücumçu Lionel Messi və özü arasında seçim etmək təklif edilib.
O, bu suala cavabı ilə diqqət çəkib: “Ronaldo və ya Ronaldu? Ronaldo. Ronaldo və ya Messi? Messi”, deyə Ronaldo bildirib.
Əlavə edək ki, Ronaldo dünya futbolunun ən güclü mərkəz hücumçusu olaraq qəbul edilir. Ağır zədələrinə rəğmən, güclü iradə nümayiş etdirərək futbola qayıtmağı bacarmış Ronaldo karyerası boyunca “Kruzeyro”, PSV, “Barselona”, İnter”, “Real”, “Milan” və “Korintians”da çıxış edib. “Yekədiş” karyerası ərzində klub səviyyəsində ümumikldə 481 oyun keçirib, 309 qol və 75 məhsuldar ötürmə ilə fərqlənib.
Ronaldo 1994-cü ilin martında debüt etdiyi Braziliya millisinin heyətində 99 oyuna 62 qol vurub, 32 məhsuldar ötürmə verib.
Ronaldo “selesao” ilə DÇ-1994 və DÇ-2002-nin qalibi olub, həmçinin Amerika Kubokunu (1997, 1999) və Konfederasiyalar Kubokunu (1997) qazanıb, 1996-cı il Olimpiya futbol yarışında (Atlanta) isə bürünc medalçı olub. Müxtəlif klub qənimətləri və fərdi uğurlarla yanaşı, Ronaldo iki dəfə (1997, 2002) “Qızıl top”a layiq görülüb.