Ronaldo: “Onların nümunə götürəcəyi biri olmaq istəyirəm”

Portuqaliya yığmasının kapitanı, veteran ulduz hücumçu Kristiano Ronaldo liderlik keyfiyyətlərini necə göstərdiyindən danışıb.

Arena.az UEFA-nın mətbuat xidməti Ronaldonun bu barədə fikirlərini təqdim edir:

“Hər bir peşəkar futbolçunun öz üslubu var. Düşünürəm ki, liderlik bizim kim olduğumuza, özümüzü necə hiss etdiyimizə və peşəkar səyahətimizdə nələr öyrəndiyimizə əsaslanır. Mən məhsuldar hesab etdiyim surətdə rəhbərlik etməyə çalışıram. Mən başqalarına kömək edən, komanda yoldaşlarımın rəğbət bəsləyə biləcəyi, nümunə göstərə biləcəyi və yaxşı bir peşəkar olmaq istəyirəm.

Mən nümunə götürməyi xoşlayıram, bunu mütəmadi olaraq vurğulayıram. Çox danışan biri deyiləm, amma tərəfdaşlarıma kim olduğumu göstərməyi xoşlayıram. Vəziyyət pisdirsə, hər şey istədiyimiz kimi getmirsə, oyunçuları necə sakitləşdirmək və ya dəstəkləmək gərək olduğunu anlamaq lazımdır. Hər şey yaxşı olanda sadəcə orada olmaq və komandanın xeyrinə birlikdə işləmək gərəkdir.

Hər bir liderin özünəməxsus xüsusiyyətləri var. Amma komandamızda lider adlandırıla bilən çoxlu futbolçu var. Düşünürəm ki, bizim belə bir möhtəşəm komandaya sahib olmağımızın səbəblərindən biri də budur”.

Kristiano 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 13 məhsuldar verib.

Ronaldo 35 qolla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının son mövsümünün ən sərrast futbolçusu olub. Bu isə bir mövsümdə vurulmuş qolların sayına görə milli birinciliyin mütləq rekordudur.

Səudiyyə Ərəbistanı Peşəkar Liqasının son mövsümündə Ronaldonun hesabında 11 məhsuldar ötürmə də var. Bu göstərici üzrə Ronaldo 3-cü olub. Eyni zamanda Ronaldo mövsümün ən səmərəli futbolçusu olub. Portuqal hücumçu vurduğu qolların (35) və verdiyi məhsuldar ötürmələrin (11) cəmi üzrə 46 xal toplayb.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 207 oyun keçirib, 130 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.