Ronaldo və Messinin reytinqi aşağı yuvarlandı

Müasir futbolun ulduzları Ronaldo və Messi “EA Sports”un FIFA silsiləsindən futbol simulyatorunda ən yüksək göstəriciyə sahib olmayacaqlar.

Arena.az məlumat verir ki, “EA Sports”un “FC 24” silsiləsində ümumi göstərici üzrə ən yüksək qiyməti Fransa yığmasının ulduz hücumçusu Kilian Mbappe, Norveç yığmasının qolçu hücumçusu Erlinq Haland, Belçika yığmasının məhsuldar ötürmələr ustası, yarımmüdafiəçi Kevin De Bröyne alacaq, hər biri – 91.

“Barselona”nın qadınlardan ibarət komandasının futbolçuları Aleksiya Putelyas və Aytana Bonmati, həmçinin “Çelsi”nin hücumçusu Sem Kerr də müvafiq göstəriciyə malik olacaq.

Lionel Messi, Kərim Benzema, Tibo Kurtua, Harri Keyn, Robert Levandovski və “Barselona”nın qadın futbolçusu Karolin Qrem Hansenin də ümumi göstərici üzrə qiyməti 90 olacaq.

Portuqal superulduz Kristiano Ronaldo isə 86 qiymətini alacaq. Ancaq portuqal hücumçunun son zərbə göstəricisinin ən qüvvətli olacağı haqda məlumat da var.

Xatırladaq ki, FIFA 08-də Kristiano Ronaldo, Ronaldinyo və Canluici Buffonun hər birinin ümumi göstərici üzrə qiyməti 91, Messidə isə 86 idi. FIFA 07-də Ronaldo 87, Messi isə 84 qiymətinə malik idi.

Vurğulayaq ki, hər iki ulduz son 15 ildə ilk dəfə olaraq ən yüksək göstəriciyə sahib olmayıblar.