“Sumqayıt”ın sol cinah yarımmüdafiəçisi Ronaldo Vaskes futbol üzrə Dominikan Respublikası milli komandasına dəvət alıb.
Arena.az xəbər verir ki, bu barədə Sumqayıt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Dominikan Respublikası yığması dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində iyunun 7-də və 11-də müvafiq olaraq Qvatemala və Dominika ilə qarşılaşacaq. Marselo Nevelefin yetirmələri daha sonra Şimali və Mərkəzi Amerika ölkələrinin iştirakı ilə keçirilən “CONCACAF Gold Cup” turnirində iştirak edəcək. A qrupunda yer alan Dominikan Respublikası yığması iyunun 15-də Meksika, 19-da Kosta Rika, 23-də isə Surinamla qarşılaşacaq.
Ronaldo Junior Vaskes bu ilin yanvar ayından “Sumqayıt”ın formasını geyinir. Onun bu klubla 1,5 illik müqaviləsi var. 25 yaşlı yarımmüdafiəçi “Sumqayıt”ın heyətində indiyə qədər 16 oyuna çıxıb, 2 qola imza atıb.
Qeyd edək ki, Ronaldo Vaskes karyerası boyunca yetirməsi olduğu “Atletiko Pantoxa” (Dominikan Respublikası) ilə yanaşı “Hapoel” (Təl-Əviv, İsrail) və “Quabira” (Boliviya) klublarında da çıxış edib.
Yarımmüdafiəçi 2018-ci ilin mart ayında Dominikan Respublikası milli komandasında debüt edib. “Sumqayıt”ın futbolçusu ölkəsinin yığmasında keçirdiyi 39 oyunda 7 qol vurub, 5 məhsuldar ötürmə verib.