“Sumqayıt”ın legioner futbolçuları Ronaldo Vaskes və Abdul Raşid Mumini ölkələrinin milli komandalarına dəvət alıblar.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ronaldo Dominikan Respublikası millisinə, Mumini isə Benin yığmasına çağırılıb.
Qeyd edək ki, Dominikan Respublikası yığması bu ay Martinika ilə yanaşı Sent-Vinsent və Qrenadinlə üz-üzə gələcək. Benin yığması isə Burkina Faso ilə yoldaşlıq oyunu keçirəcək.
Ronaldo Junior Vaskes bu ilin yanvar ayından “Sumqayıt”ın formasını geyinir. Onun bu klubla 1,5 illik müqaviləsi var. 25 yaşlı yarımmüdafiəçi “Sumqayıt”ın heyətində indiyə qədər 28 oyuna çıxıb, 6 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Ronaldo Vaskes karyerası boyunca yetirməsi olduğu “Atletiko Pantoxa” (Dominikan Respublikası) ilə yanaşı “Hapoel” (Təl-Əviv, İsrail) və “Quabira” (Boliviya) klublarında da çıxış edib.
Yarımmüdafiəçi 2018-ci ilin mart ayında Dominikan Respublikası milli komandasında debüt edib. “Sumqayıt”ın futbolçusu ölkəsinin yığmasında keçirdiyi 45 oyunda 7 qol vurub, 5 məhsuldar ötürmə verib.
Abdul Raşid Mumini isə 2025-ci ilin yayından “Sumqayıt”ın uğurları üçün çalışır. 21 yaşlı sağ cinah müdafiəçisi bu komandanın heyətində meydana çıxdığı 10 oyuna 2 qol ötürməsi ilə yadda qalıb.
Mumini 2023-cü ilin iyun ayında debüt etdiyi Benin yığmasının heyətində 18 oyuna çıxıb, 1 qol və 2 assistlə yadda qalıb.


