Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 22-ci turunda “Əl-Nəsr” evdə çempionatın autsayderi “Əl-Həzm”lə qarşılaşıb.
Arena.az məlumat verir ki, “Nəcd cəngavərləri”nin heyətində portuqal hücumçu Kristiano Ronaldonun yoxluğu öz sözünü deyib.
Belə ki, ulduz futbolçunun komandası rəqibinin öhdəsindən gələ bilməyərək 4:4 hesablı heç-heçə oynayıb.
Xatırladaq ki, “Əl-Şabab”la oyunda (3:2) rəqib azarkeşlərin portuqal ulduzun ünvanına “Messi! Messi!” şüarları səsləndirməsindən sonra Ronaldo onların ünvanına nalayiq hərəkət nümayiş etdirərək cəza alıb. Bu üzdən də o, “Əl-Həzm”lə oyunda iştirak edə bilməyib.
Oyun zamanı “Əl-Nəsr”in azarkeşləri Ronaldonu dəstəkləyən lövhə açıblar və portuqal ulduzun soyadını tribunalardan səsləndiriblər. Cəzalı olmasına rəğmən, Ronaldo stadiona gəlib və tribunadan komandasına dəstək olub. Azarkeşlərin Ronaldonun soyadını səsləndirdiyi vaxt portuqal ulduz sıxılmış yumruğunu havaya qaldıraraq, buna qarşılıq verib.
Hazırda “Əl-Nəsr” 22 oyundan 53 xalla çempionatın yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. “Əl-Həzm” 15 xalla sonuncudan əvvəlki, 17-ci pillədə qərarlaşıb. Səudiyyə Ərəbistanı Peşəkar Liqasının yarış cədvəlinə 21 oyundan 59 xal toplamış “Əl-Hilal” başçılıq edir.