Rövnəq Abdullayev: “Kral öldü, yaşasın yeni kral”

AFFA prezidenti Rövnəq Abdullayev bu gün baş tutan milli assosiasiyanın növbəti Hesabat-Seçki Konfransında çıxış edib.

Arena.az xəbər verir ki, o, 20 ildir futbol camiəsində olduğunu xatırladıb:

“Futbola gəldiyim üçün peşmanlıq keçirmirəm. “Pünik” üzərində qələbəni yaxşı xatırlayıram. 2006-cı ildə isə Ermənistan çempionu bizimlə oynamaqdan qaçdı. Bunlar sevindirici məqamlardır. Təbii ki, kədərli anlar da olub. Hər bir sevindirici anlar boş yerə çalışmadığını göstərir. Futbola dəstəyinə görə ən böyük pay cənab Prezident İlham Əliyevindir. Onun diqqəti sayəsində klublarımız sabit çıxış edirlər, heç bir maliyyə problemi yaşamırlar. Sponsorlar tapmağa çalışırıq. Ancaq sponsorsuz klub belə Premyer Liqada uğurlu çıxış edə bilir. Çempionat elə güclü səviyyədə keçir ki, artıq millimiz də yaxşı çıxış edəcək”.

Rövnəq Abdullayev FIFA və UEFA rəhbərlərinə də təşəkkürünü bildirib: “Canni İnfantinoya və Aleksander Çeferinə təşəkkürümü bildirirəm. Onlar daim Azərbaycan futbolunun inkişafı üçün dəstəklərini veriblər. Onların bundan sonra da Azərbaycan futboluna dəstəklərini əsirgəməyəcəklərinə inanıram”.

O, sonda AFFA kollektivinə təşəkkürünü bildirib: “Haqqınızı halal edin, hər şeyə görə çox sağ olun. Artıq futbola azarkeşlik edə bilərəm. Necə deyərlər, kral öldü, yaşasın yeni kral”.

Yeri gəlmişkən, FİFA-nın prezidenti Canni İnfantino AFFA-nın Hesabat-Seçki Konfransında videomüraciətlə çıxış edib. Ali futbol qurumunun rəhbəri bunları qeyd edib:

“Hörmətli Rövnəq müəllim, sizə təşəkkürümü bildirirəm. 16 il Azərbaycan futboluna uğurla xidmət etmisiniz. Bu müddət ərzində siz gözəl futbolunuzun infrastrukturuna çoxlu sərmayə yatırdınız. Bu illər ərzində keçirdiyimiz görüşlərdə Azərbaycanda futbolu necə təbliğ etmək barədə danışdıq. Mən özüm də AÇ-2020-nin Türkiyə – İsveçrə oyunu zamanı Bakıda idim, inkişafın bir daha şahidi oldum. 2019-cu ildə UEFA Avropa Liqasının final matçını izləyərkən də inkişafı gördüm. Həmçinin Azərbaycanda qadın futbolunun da inkişafı hiss olunur. Gələcək üçün də hər şeyin ən yaxşısına ümid edirəm”.