Rövnəq Abdullayev milli komandanın üzvləri ilə görüşdü – Foto

AFFA-nın prezidenti Rövnəq Abdullayev və baş katib Sərxan Hacıyev qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvləri ilə görüşüblər.

Arena.az xəbər verir ki, R.Abdullayev milli komandamızın üzvlərini UEFA Millətlər Liqasında uğurlu çıxış edərək qrupu lider tamamlaması, B Liqasına vəsiqə qazanması münasibətilə təbrik edib. Ölkədə qadın futboluna göstərilən diqqətdən danışan AFFA prezidenti millimizə gələcək oyunlarda uğurlar arzulayıb.

Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova AFFA rəhbərliyinə yüksək diqqətə və qayğıya görə təşəkkür edib. Millinin baş məqçisi Siyasət Əsgərov və kapitanı Sevinc Cəfərzadə çıxış ediblər. Onlar növbəti oyunlarda da yaxşı nəticələr əldə etmək üçün futbolçuların böyük səylə hazırlaşacağını deyiblər.

Yeri gəlmişkən, bu gün eyni məkanda (“Marriott Absheron” hotelində) ölkəmizdə səfərdə olan FIFA-nın baş katibi Fatma Somoura AFFA-nın, PFL-in, klubların qadın əməkdaşları və qadın futblçulardan ibarət Azərbaycan millisinin üzvləri ilə görüşüb. Tədbirdən əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev Fatma Samoura ilə görüşüb. O, Azərbaycanda futbolun inkişafı, FIFA ilə AFFA arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıb. Abdullayev seminar iştirakçılarına uğurlar arzulayıb. Daha sonra baş katib xanım əməkdaşlar və millimizin üzvlərinə liderlik mövzusunda seminar keçib. İnteraktiv şəkildə təşkil olunan seminarda Fatma Samoura müxtəlif mövzularda ünvanlanan sualları cavablandırıb. O, qadın futbolçulardan ibarət Azərbaycan milli komandasına gələcək oyunlarda uğurlar arzulayıb.

Xatırladaq ki, qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasının C Liqasında 3-cü qrupu lider kimi baş vuraraq B Liqasına vəsiqə qazanıb.