Rövşən Nəcəf millidə necə məşqçi görmək istədiyini açıqladı

AFFA-nın yeni prezidenti Rövşən Nəcəf bu gün Hesabat-Seçki Konfransından və İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərlə görüşüb.

Arena.az xəbər verir ki, qurumun yeni rəhbəri əvvəlcə Azərbaycan millisinin baş məşqçisi postuna namizədlərlə bağlı söhbət açıb:

“AFFA-da bununla bağlı İşçi Qrupu yaradılıb. İşçi Qrupu milli komandanın baş məşqçi postuna namizədlərin siyahısını tamamlayıb. Yığmanın baş məşqçisi məsələsi müzakirə olunacaq. Azərbaycan millisindən gözlədiyimiz oyun tərzinə uyğun mütəxəssis axtaracağıq. Bu, yerli və ya əcnəbi ola bilər. Yeni baş məşqçi məsələsində bacarıq, baxış, dəyərlər üzərində dayanacağıq. Daha çox həmin şəxsin bizə verə biləcəyi əlavə dəyərlərə fokuslanmalıyıq.

Prezident yeni baş məşqçinin tezliklə təyin olunacağını vurğulayıb: “Bəzi məşqçilərlə danışıq aparılıb, yalnız hüquqi məsələlər qalıb. Məşqçilərlə əldə edilmiş razılığa əsasən, onların adları məxfi saxlanılır. Yeni baş məşqçi artıq təyin olunmalı idi. Bu baxımdan qısa müddətdə məsələyə aydınlıq gətirməyə çalışacağıq. Çünki bir müddət sonra milli komandamızın oyunları olacaq. Rəqiblər də zəif deyillər”.

AFFA-nın yeni prezidenti Azərbaycan millisinin uğuru üçün zaman lazım olduğunu vurğulayıb:

“Bu, yalnız meydanda göstərilən nəticələrlə ölçülmür. İnfrastrukturun möhkəmləndirilməsi, akademiya səviyyəsində oyunçuların yetişdirilməsi və şəffaf hesabatın təmin olunması vacib məqamlardır. Hər hansı uğurlu komandanın formalaşması üçün zamana ehtiyac var. Uşaq futbolunun, meydandakı ot örtüyünün beynəlxalq standartlara cavab verməsi, azarkeşlərin stadionlara cəlb olunması önəmli amillərdir”.

SOCAR-ın rəhbəri Azərbaycan futbolunun inkişafı ilə bağlı yol xəritəsinin hələ hazır olmadığını söyləyib: “Çünki bu gün ilk iclası keçirdik. Qarşıya qoyulan ilk məqsəd qısa müddətdə strategiyanın hazırlanmasıdır. İstənilən layihəni həyata keçirmək üçün maliyyə vəsaitinə ehtiyac var. Burada dövlətdən maliyyə yardımı almaqdan yox, özəl strukturları cəlb etməkdən danışırıq. Həmçinin teleyayım keyfiyyətinin artırılması üzərində düşünməliyik. Özəl vəsaitlər, sponsorlar üzərində işləməliyik. Sadə səslənsə də, bunlar böyük inkişaf yolu tələb edən tədbirlərdir. Əminəm ki, futbol ictimaiyyəti olaraq bunun üçün birgə fəaliyyət göstərəcəyik”.

“Hər kəsin dəstəyinə ehtiyacımız olacaq”

Rövşən Nəcəf qeyd edib ki, futbolun inkişafı baxımından media da ayrılmaz hissələrdən biridir: “Oyunların işıqlandırılması, müsahibələr, proqramlar mediasız mümkün deyil. AFFA olaraq media ilə daha sıx işləyəcəyik. Strategiya üzərində işlər aparıldıqdan sonra media nümayəndələri ilə müzakirə xarakterli görüş keçirə bilərik. Bağlı qapılar arxasında mediasız müzakirə olsa, daha rahat şəkildə hər kəs fikrini bildirə biləcək. Vaxtarışı mətbuat konfransları təşkil olunacaq”.

O, veteran futbolçuların da təcrübələrindən yararlanacaqlarını vurğulayıb: “Futbol icmasının bütün nümayəndələrindən bəhrələnəcəyik. Bunu proqram şəklində düşünəcəyik. Bu, müxtəlif tədbirlər vasitəsilə həyata keçirilə bilər. Futbol icmasının bütün üzvlərinin çiyin-çiyinə çalışmasını dedikdə bunu nəzərdə tuturam”.

Yeni prezident futbola olan sevgisinin onu bu işdə fəal çalışmağa sövq etdiyini bildirib: “Uşaqlıqdan məhəllə futbolu oynayan, daha sonra peşəkar olmasa da, dostlarla daim oynayan bir insan kimi futbol mənə çox yaxın idman növüdür. Buna şəxsi futbola sevgimin təcəssümü kimi baxıram. Amma futbolun inkişafı üçün həmkarlarımla birlikdə olacağam. Tək olmayacağam. Bunun üçün hər kəsin dəstəyinə ehtiyacımız olacaq. Təki xoş günlər çox olsun. Futbolda məğlubiyyət də var. Uduzanda bunun səbəblərini araşdırmağa və həlli yolunda işlər görməyə çalışacağıq”.

AFFA prezidenti Azərbaycan Premyer Liqasının formatı və çempionatdakı klub sayının da müzakirə ediləcəyini vurğulayıb. O, hazırda hər hansı yeni qərarın olmadığını diqqətə çatdırıb: “Çünki buna zaman olmayıb. Bu, müəyyən təhlil tələb edir. Hər hansı qərarı verərkən, Azərbaycanda və başqa ölkələrdə olan təcrübəni nəzərə alacağıq. Çempionatın formatı müzakirə ediləcək mövzulardan biri olacaq”.

Rövşən Nəcəf “Neftçi” və “Qarabağ” komandaları arasında bu gün keçiriləcək Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda heç bir komandaya azarkeşlik etməyəcəyini də söyləyib. O, bundan sonra Azərbaycan futbolunun inkişafı üçün çalışacaqlarını söyləyib:

“Azərbaycan millisinin, eyni zamanda klubların hamısının azarkeşi olacağıq. Onların inkişafı üçün əlimdən gələni edəcəyəm. Avropa yarışlarında komandalarımızın daha da irəli gedəcəklərinə inanıram. Qitə arenasında onların hamısına azarkeşlik edəcəyik, dəstəkləyəcəyik. “Qarabağ”ın son oyunları göstərdi ki, Azərbaycan adı altında çıxış edən istənilən klub ölkədə dəstəklənir”.