Roy Kin “Emireyts”də hücuma məruz qalıb, polis təqsirkarı axtarır

Keçmiş futbolçu Roy Kin “Arsenal”ın “Emireyts” stadionunda “Mançester Yunayted”i 3:1 hesabı ilə məğlub etdiyi oyunda hücuma məruz qalıb.

Arena.az BBC-yə istinadən məlumat verir ki, hazırda Britaniya polisi Roy Kinə hücumu araşdırır.

“Biz başa düşürük ki, polis sosial mediada yayılan görüntülər əsasında bir ictimaiyyət nümayəndəsi tərəfindən iddia edilən hücumu araşdırır. Göstərilən kadrlarda Mayk Riçards vəziyyəti nizamlamaq üçün fəaliyyətə keçib”, deyə “Sky Sports” nümayəndəsi bildirib.

Sosial şəbəkələrdə “Sky Sports” mütəxəssisləri Mayk Riçards və Roy Kinin bir kişi ilə əlbəyaxa süpürləşməsinin görüntüləri yayılıb. Hücumdan zərərçəkmişin “Mançester Yunayted”in sabiq kapitanı Roy Kin olduğu bildirilir.

Paytaxt polisinin bəyanatında deyilir: “Polis 3 sentyabr, bazar günü “Arsenal” – “Mançester Yunayted” oyunu zamanı “Emireyts” stadionunda baş verdiyi iddia edilən hücumu araşdırır. Heç bir həbs tədbiri olmayıb, təhqiqat davam edir”.

Hazırda 52 yaşı olan Roy Kin 1993-2005-ci illər aralığında məhz “Mançester Yunayted”in uğurları üçün çalışıb.

Xatıraladaq ki, İngiltərə Premyer Liqasının 4-cü turu çərçivəsində “Mançester Yunayted”i qəbul etmiş “Arsenal” 3:1 hesabı ilə qalib gəlib. 4 turdan sonra “Arsenal” 10 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Topçular” 3 qələbə, 1 heç-heçə yaşayıblar, topların fərqi 8:4-dür.

“Mançester Ynayted” isə 6 xalla 11-ci pillədədir, “qırmızı şeytanlar” 2 qələbə və 2 məğlubiyyət yaşayıblar, topların fərqi 5:7-dir.

İngiltərə Premyer Liqasında 12 xalla “Mançester Siti” liderlik edir. Son çempion bu mövsüm itkisiz irəliləyir.

Xəbəri sosial şəbəkələrdə paylaş: