Roy Kin Harri Maquayrı çox tənqid etdiyi üçün üzr istədi

“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Roy Kin “qırmızı şeytanlar”ın ingilis mərkəz müdafiəçisi Harri Maquayr haqda danışıb.

Arena.az “Overlap” dərgisinə istinadən məlumat verir ki, irland mütəxəssis, Maquayrı çox tənqid etdiyini etiraf edib:

“Futbol səbəbiylə Harri Maquayrla sərt davranmışam. Aydındır ki, o, “Mançester Yunayted”də mübarizə aparırdı. İngiltərə yığması ilə də çətin günlər keçirib, amma əsasən klub səviyyəsində çətinliyi olub. Söhbət futbolçuların psixi sağlamlığından gedir, mən isə Maquayrla sərhədi keçdim. Mən onu azacıq məsxərəyə qoymuşam, bu isə yaxşı deyildi.

Mən də futbolçu olmuşam, bunun nə qədər çətin olduğunu bilirəm, amma artıq yetkinləşmişəm. Bir neçə ay əvvəl Harri ilə qarşılaşdım və ondan üzr istədim. Bəzən biz mütəxəssislər də səhv edirik, amma bəzən sənin əndazəni də keçdiyin məqam olur. Əgər şəxsi bir məqama toxunsanız – sərhədi keçmiş olursunuz”, deyə Roy Kin vurğulayıb.

Harri Maquayr “Mançester Yunayted”ə 2019-cu ilin avqustunda 87 milyon avro müqabilində “Lester Siti”dən keçib. Müdafiəçinin “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə isə Maquayr “qırmızı şeytanlar”ın heyətində bütün yarışlarda 31 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.

Maraqlıdır ki, Maquayr karyerası ərzində cəmi ikicə dəfə kubok qazanıb – “qırmızı şeytanlar”la ötən mövsüm 2023 İngiltərə Liqa Kubokuna və 2024 İngiltərə Kubokuna sahib olub.
Maquayr 2017-ci ilin oktyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 63 oyuna çıxıb, 7 qol vurub, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 31 yaşlı müdafiəçinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

Vurğulayaq ki, Maquayr az qala bütün İngiltərə mətbuatı tərəfindən kəskin tənqidə və bəzən tənqiddən uzaq az qala lağa qoyulmasına rəğmən, bütün bu çətinliyin öhdəsindən əzmlə gələrək, meydanda öz sözünü deməyi, özünü sübut etməyi bacarıb. Buna rəğmən, Qaret Sautqeyt Harri Maquayrı Almaniyada keçirilən 2024-cü Avropa çempionatına topladığı İngiltərə yığmasının heyətindən kənarda qoyub. Bu, Maquayrı çox məyus etsə də, müdafiəçi bunu bir çağırış olaraq qəbul edib və yenidən ayaqda qalmaq iradəsində olduğunu bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: